İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edib
Bakı, 7 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti Təcrübə Proqramını elan edib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır. Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-yə müraciət edə bilərlər.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başadüşmə qabiliyyəti;
- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe Design Packages) və veb proqramlaşma (PHP, MySQL, CSS, HTML 5)
- Ünsiyyət və təqdimat bacarığı.
Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək.
Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.
Proqrama qoşulmaq istəyənlərdən noyabrın 21-dək [email protected] ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini təsdiqləyən sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya buradan qeydiyyatdan keçmələri xahiş olunur.