İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti təcrübə proqramı elan edir
Bakı, 5 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır.
İİTKM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təcrübə proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-yə müraciət edə bilərlər:
- İqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları, dizayner.
Təcrübə proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;
- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe Design Packages) və veb proqramlaşma (PHP, MySQL, CSS, HTML 5);
- Ünsiyyət və təqdimat bacarığı.
Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək.
Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.
Proqrama qoşulmaq istəyənlərdən 2019-cu il 26 noyabr tarixinədək [email protected] ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya buradan qeydiyyatdan keçmələri xahiş olunur.
Yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.