İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində BMT-nin İnkişaf Proqramının missiyası ilə görüş keçirilib
Bakı, 15 may, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) "Ölkə proqramı üzrə müstəqil qiymətləndirmə" missiyası ilə görüşüb.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, V.Qasımlı ölkədə aparılan uğurlu iqtisadi islahatlar, Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri, mərkəzin monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər, eləcə də "Azexport.az", "EnterpriseAzerbaijan.com", Rəqəmsal Ticarət Qovşağı, "Azranking.az" və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə ətraflı məlumat verib.
İcraçı direktor, həmçinin Strateji Yol xəritələrinin, müvafiq monitorinq və qiymətləndirmə çərçivəsinin hazırlanmasında UNDP tərəfindən təmin edilən ekspert dəstəyi və donor qurumları ilə koordinasiyada əməkdaşlığı yüksək qiymətləndirib.
UNDP-nin qiymətləndirmə missiyasının rəhbəri Elinor Bajraktari və qiymətləndirmə mütəxəssisi Anna Querragionun Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həm Strateji Yol xəritələrinin, həm də digər dövlət proqramlarının hazırlanması, icrası və monitorinqində nəzərə alınması, UNDP-nin ölkədə strateji idarəetmə tədbirlərinə töhfəsi, idarəetmə islahatları barədə Azərbaycanın maraqlı təcrübəsi olduğunu bildiriblər.
Müzakirələr zamanı Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, "ASAN xidmət"in fəaliyyəti, fiskal sahədə aparılan institusional və tənzimləmə islahatları, Orta Müddətli Xərclər Çərçivəsi, Fiskal Qayda, Orta və Uzun Müddətli Dövlət Borcu Strategiyası və Nəticə-Əsaslı Büdcə İdarəçiliyi kimi sənədlərin qəbul edilməsi barədə məlumat verilib. Yeni iqtisadi inkişaf strategiyası, şaxələndirmə, insan kapitalı və fiskal islahatlar kimi strateji sahələr gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib.
Sonda qonaqlara "Doing Business 2020"yə həsr olunan islahat icmalı və "Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə" nəticələrinə dair icmallar təqdim olunub.