İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində qrant müsabiqəsinə dair QHT-lərlə görüş olub
Bakı, 3 dekabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİKTM) və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə keçirdiyi qrant müsabiqəsinə dair QHT-lərlə görüş təşkil olunub.
İİTKM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki qurumun nümayəndələri, eləcə də elan olunan mövzular üzrə ixtisaslaşmış QHT-lərin təmsilçiləri iştirak edib.
2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi Strateji Yol xəritələri ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına, qeyri-neft sektoru üzrə ixracın dəstəklənməsinə, Azərbaycanda həyata keçirilən islahatların nəticəsində rəqəmsal iqtisadiyyatın genişləndirilməsinə, ölkədə innovativ startapların inkişafının dəstəklənməsinə dair təşəbbüslərə dair mövzular üzrə elan olunub. Müsabiqə çərçivəsində 10-dək layihənin maliyyələşməsi nəzərdə tutulur. İcra müddəti 2 aydan 8 ayadək nəzərdə tutulan layihələrdə müsabiqə fondu 80 min manat təşkil edir.
Görüş zamanı elan olunun müsabiqə barədə QHT nümayəndələrinə ətraflı məlumat verilib, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elektron sistemdən istifadə ilə bağlı hazırlanan məlumatlandırıcı videoçarx nümayış olunub və iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
QHT-lərin nəzərinə çatdırılıb ki, layihələrin icrası zamanı “Azexport.az” portalının, “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin, Azərbaycan Rəqəmsal Ticarət Qovşağının və “EnterpriseAzerbaijan” portalının ekspertləri də onlara müvafiq dəstək göstərəcəklər. Həmçinin QHT nümayəndələrinə izah edilib ki, Strateji Yol xəritələrində əksini tapan hər hansı bir strateji hədəf və ya tədbirlə bağlı da layihə icra edə bilərlər.