İQTİSADİYYAT


İqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 1-də iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Ş.Mustafayev Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin və müntəzəm görüşlərin dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirdiyini vurğulayıb. Bildirib ki, təkcə ötən il Prezident İlham Əliyev Rusiyaya 3 dəfə səfər edib, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib, iqtisadiyyatın bir sıra sahələrində iki ölkənin əməkdaşlığına dair dəyirmi masalar təşkil olunub.

Nazir Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafı üçün həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar, onların uğurlu nəticələri barədə məlumat verib. O, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icra olunduğunu və bu proqramlar çərçivəsində görülən işlərin iqtisadiyyatın inkişafında əhəmiyyətini vurğulayıb. Bildirib ki, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinın yaradılması və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilir. Sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların yaradılması, investisiyaların və ixracın təşviqi mexanizminin tətbiqi və digər tədbirlər sahibkarlığın davamlı inkişafının təmin olunmasında mühüm önəm kəsb edir.

“Təsadüfi deyildir ki, Dünya Bankının dərc etdiyi “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi əvvəlki illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib”, - deyə Ş.Mustafayev bildirib.

Görüşdə vurğulanıb ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə edilir. Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 20 faiz artıb. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə isə birinci yerdədir. Azərbaycanda təqribən 700-dən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasına uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 4 milyard dollarından çox sərmayə yatırıb. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyası 1 milyard dollardan çoxdur. Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC-nin yaradılması uğurlu əməkdaşlığın nümunəsidir.

Nazir qeyd edib ki, Azərbaycan Rusiyanın federal subyektləri ilə sıx əməkdaşlıq edir və Rusiyanın Şimali Qafqaz regionunda əsas investorlardandır. Azərbaycan şirkətləri bu regionda bir sıra mühüm layihələrə investisiya yatırırlar.

Ş.Mustafayev ölkəmizdə infrastrukturun inkişafı istiqamətində görülən işləri vurğulayıb, nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin və Samur çayı üzərində tikilən avtomobil körpüsünün əhəmiyyətini, hazırda tikilməkdə olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun bu sahədə rolunu qeyd edib.

Nazir Azərbaycan və Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında sənaye, kənd təsərrüfatı, investisiyalar, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb.

Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezov ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, indiyədək bir neçə dəfə Azərbaycanda olduğunu, ölkəmizin sürətli inkişafını vurğulayaraq, hər dəfə tamamilə yeni mənzərə ilə qarşılaşdığını bildirib.

O, Azərbaycanın Rusiya və onun federal subyektləri ilə əməkdaşlığının uğurla inkişaf etdiyini, bu sahədə işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. R.Temrezov iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması üçün potensialı diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri, sənaye, kənd təsərrüfatı, investisiya, ticarət, turizm və sair sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Azərbaycana səfəri çərçivəsində Qaraçay-Çərkəz Respublikasının nümayəndə heyəti Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Balaxanı Sənaye Parkı, Böyükşor gölünün ekoloji yaxşılaşdırılması işləri ilə və “GreenTech” tərəvəz məhsullarının istehsalı müəssisəsi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.