REGİONLAR


İqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqla daha intensiv xarakter alıb  VİDEO

Quba, 21 oktyabr, Elxan Yusifli, AZƏRTAC

2015-ci ildən etibarən neftin qiymətinin kəskin düşməsi və yeni makroiqtisadi mənzərə iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və daha intensiv xarakter almasına imkan yaradıb. Yaranan yeni şəraitə adekvat reaksiya bu gün ciddi iqtisadi nəticələr əldə etməyə imkan verib. Dövlətimizin başçısının iqtisadi islahatlar üzrə siyasəti davamlı və dayanıqlı xarakter daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 21-i Qubada “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən regional ictimai müzakirələrdə səsləndirilib.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkil etdiyi görüş Quba, Xaçmaz, Qusar, Siyəzən və Şabrandan olan sahibkarların, bələdiyyə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Quba Gənclər Mərkəzində keçirilib.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı müzakirənin əsas məqsədi barədə danışaraq bildirib ki, bu tip görüşlər ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkili, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl sektor dialoqunun güclənməsinə töhfə vermək məqsədilə keçirilir.

Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov çıxışı zamanı Azərbaycanda aparılan iqtisadi islahatların davamlı xarakter daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda dərin iqtisadi islahatların aparılması prosesi hələ ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlayıb. Həmin illərdə torpaq islahatları, özəlləşdirmənin aparılması, bazar iqtisadiyyatına keçid, dövlət idarəetməsinin təkmilləşdirilməsi, bir sözlə, iqtisadiyyatın şaxələndirilməsi və digər istiqamətlər üzrə böyük tədbirlər həyata keçirilib. “Ulu Öndərin həyata keçirdiyi iqtisadi islahatlar onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Regionlarda davamlı olaraq belə görüşlərin təşkili rayonlar üzrə təhlillərin aparılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün çox önəmlidir. İqtisadi islahatlar üzrə başlıca hədəflər ölkə iqtisadiyyatının dayanaqlığının, şaxələndirilməsinin və rəqabətqabiliyyətliliyinin təmin edilməsidir. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib ki, bütün bunlar Azərbaycanı son illərdə dünyanın ən sürətli və dayanıqlı inkişaf edən ölkəsinə çevirib”, - deyə Elxan Mikayılov çıxışında bildirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iqtisadi islahatların Quba-Xaçmaz bölgəsində turizm, meyvə-tərəvəz, nəqliyyat-logistika sahələrinin inkişafında oynayacağı roldan söz açıb. “Bu il ən çox ixrac edilən qeyri-neft sektoru məhsulu kimi pomidorun istehsalında şimal-şərq bölgəsinin əhəmiyyəti böyükdür. Dövlət bir tərəfdən infrastrukturu inkişaf etdirməklə, digər tərəfdən isə əlverişli biznesi mühiti yaratmaqla, həmçinin təşviq siyasəti vasitəsilə bölgələrin inkişafını təmin edir. Bu baxımdan “Azexport” portalı və digər ixrac təşviqi tədbirləri Quba-Xaçmaz zonasından məhsul ixracının artmasına töhfə verir.”

Daha sonra görüşdə təqdimatlar olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin layihə nəzarəti və qiymətləndirmə meneceri Namiq Şalbuzovun "Azərbaycan Respublikasında iqtisadi islahatlar: Quba–Xaçmaz iqtisadi rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri", İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədovun isə “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və Quba–Xaçmaz iqtisadi rayonu üzrə əldə edilmiş nəticələr” mövzusunda təqdimatları maraqla qarşılanıb.

Görüşdə sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavab verilib.

İqtisadi islahat prosesi ilə bağlı müzakirələr Qubadan əvvəl Ağdam və Şəkidə də keçirilib. Gələcəkdə İsmayıllı, Gəncə, Şirvan, Lənkəran və Mingəçevirdə də bu mövzuda müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.