İQTİSADİYYAT
İqtisadi xəbərlərin yazılması zamanı diqqət edilməli məsələlər müzakirə olunub
Bakı, 16 oktyabr, AZƏRTAC
"Azərbaycan Banklar Assosiasiyası"nın rəsmi mətbu orqanı olan "Banklar və Biznes" qəzetinin (BBN.az) Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşkilati dəstəyi ilə "IB Club"da keçirdiyi "İnformasiya axınlarının iqtisadi effektləri" adlı seminarda iqtisadi xəbərlərin yazılması zamanı diqqət edilməli olan məsələlər müzakirə olunub.
AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, tədbir "Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri" mövzusunda məqalə müsabiqəsi çərçivəsində baş tutub. Seminarda əməkdar jurnalist, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyev və Mərkəzi Bankın "Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "İqtisadi maarifləndirmə xidməti"nin mütəxəssisi Lamiyə Qaralova çıxış ediblər.
İştirakçılara iqtisadi xəbərlərin yazılması zamanı diqqət edilməli olan məsələlər və bununla bağlı 10 qızıl qayda, həmçinin bank məhsul və xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması və maliyyə savadlılığı ilə əlaqədar məsələlər barədə danışılıb.
Həmçinin elan edilmiş müsabiqə ilə əlaqədar olaraq, "Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri" mövzusunda yazılacaq məqalələrə olan tələblər daha geniş formada seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Seminarda iştirakçılar arasında interaktiv oyun keçirilib və qaliblər mükafatlandırılıb.
Sonda iştirakçılar sertifikatlarla təltif edilib.