ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutu hesabat verib
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu İctimai Elmlər Bölməsinin ümumi yığıncağında hesabat verib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elmi müəssisənin direktoru, professor Nazim Müzəffərli hesabat ilində “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021-ci illər)” mövzusunda tədqiqatlar aparıldığını qeyd edib. Məlumat verib ki, bu məqsədlə 24 işçi qrupu yaradılıb, aparılan tədqiqatlarla bağlı iqtisadiyyat və sosial istiqamətləri koordinasiya edən 20 dövlət qurumundan təklif və tövsiyələr daxil olub.
Direktor diqqətə çatdırıb ki, institutda 22 beynəlxalq reytinq üzrə tədqiqatlar aparılır. Daha 4 reytinq isə institutun öz araşdırmasıdır. Habelə balanslaşdırılmamış açıq iqtisadi sistemlərdə makroiqtisadi normativlərin və səmərəlilik göstəricilərinin çoxfaktorlu asılılıqlarının müəyyənləşdirilməsi üçün riyazi aparat hazırlanıb. Dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ölçülməsi əsasında 95 ölkədə iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi qiymətləndirilib.
Professor Nazim Müzəffərli qeyd edib ki, AMEA-nın İqtisadiyyat İnstitutu müxtəlif hökumət qurumları tərəfindən yaradılan 10 işçi qrupunda ekspertlər səviyyəsində təmsil olunur.
2019-cu ildə institutun əməkdaşları tərəfindən 305 elmi əsər, o cümlədən 2 dərslik, 10 monoqrafiya nəşr olunub.