ELM VƏ TƏHSİL


İqtisadiyyat İnstitutunda “Plagiata qarşı ekspert komissiyası” yaradılıb

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.

Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib.

İnstitutun baş direktoru professor Nazim Müzəffərli məlumat verib ki, institutun 2 əməkdaşı – iqtisad elmləri doktoru Mayis Gülalıyev və dosent Aqil Eyvazov öz xahişləri ilə işdən ayrılıblar və fəaliyyətlərini Azərbaycan Texnologiya Universitetində davam etdirəcəklər.

Habelə bildirilib ki, İqtisadiyyat İnstitutunun baş direktorunun müvafiq əmri ilə dissertasiyalar da daxil olmaqla elmi əsərlərin plagiat mövzusunda yoxlanılması məqsədilə institutda “Plagiata qarşı ekspert komissiyası” yaradılıb. Komissiyanın fəaliyyətinə nəzarət institutun elmi katibi Leyli Allahverdiyevaya həvalə olunub. Dissertasiyaların plagiat mövzusunda yoxlanılması iki mərhələdə həyata keçiriləcək. İlkin müzakirəyə təqdim edilərkən “Strikeplagiarism” antiplagiat sistemi vasitəsilə, elmi seminara təqdim edilərkən komissiya tərəfindən ekspert yoxlaması üsulu ilə. İnstitutun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunan monoqrafiya, kitab və məqalələr, habelə elmi ad almaq üçün AAK-a göndərilməsi nəzərdə tutulan elmi əsərlər Elmi şuraya təqdim edilməzdən əvvəl komissiya tərəfindən ekspert üsulu ilə yoxlanılacaq. Komissiya fevralın 1-dən fəaliyyətə başlayacaq. Habelə fevralın 1-dən etibarən dissertasiyaların ilkin müzakirələri və elmi seminarlar bərpa olunacaq.

İqtisadiyyat İnstitutunun elmi katibi Leyli Allahverdiyeva Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti, gənclərlə bağlı qanunvericiliyə uyğun olaraq, şuranın seçki yolu ilə formalaşmış yeni tərkibi haqqında məlumat verib. Bildirib ki, elmi işçi Ceyhun Hüseynov Gənc Alim və Mütəxəssislər Şurasının yeni sədri, elmi işçi Dilman Əsədov sədr müavini və elmi işçi Minarə Ağayeva katib seçiliblər.

Sonra səsvermə yolu ilə Elmi şuranın tərkibində dəyişikliklər olunub, dosentlər - Ramil Əliyev və Mayis Gülalıyev Elmi şuranın tərkibindən çıxarılıblar, Yeni sədr Ceyhun Hüseynov şuranın tərkibinə daxil edilib.

Təhsil şöbəsinin müdiri dosent Gülsurə Mehdiyeva institutun doktorant və dissertantlarının fərdi iş planları barədə məlumat verib, müzakirələrdən sonra iş planları təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.