ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunda ixtisas fənləri üzrə doktorluq imtahanları keçirilib
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas fənləri üzrə doktorluq imtahanları keçirilib.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib. İmtahanların gedişini AMEA Rəyasət Heyəti Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri dosent Tubuxanım Qasımzadə izləyib.
İqtisad elmləri doktoru, professor Təbriz Əliyevin sədrlik etdiyi birinci imtahan komissiyası üzrə şəffaflıq şəraitində, yazılı formada keçirilən imtahanda iki ixtisas (ümumi iqtisadiyyat və demoqrafiya) üzrə 2 nəfər iştirak edib.
İkinci imtahan komissiyasına iqtisad elmləri doktoru professor Müşfiq Atakişiyevin sədrlik edib. Şəffaflıq şəraitində, yazılı formada baş tutan imtahanda sahə iqtisadiyyatı ixtisası üzrə 1 nəfər iştirak edib.
İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri dosent Gülsurə Mehdiyevanın da iştirak etdiyi imtahanların nəticələri komissiya tərəfindən qiymətləndirilib. İmtahan verən 3 dissertant yüksək qiymət alıb.