ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunda magistrantlar üçün onlayn dərslər təşkil olunub
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən, İqtisadiyyat İnstitutunun I kurs magistrantları üçün martın 29-dan başlayaraq dərslər distant formada tədris olunur.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
İnstitutun Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva bildirib ki, distant tədris ikinci semestr üzrə təsdiqlənmiş dərs cədvəlinə uyğun olaraq aparılır. Magistrantlar mühazirə və təqdimatların elektron variantını e-mail vasitəsilə əldə edirlər. Həmçinin, mütəmadi olaraq dərslərin gedişatı haqqında müəllim və magistrantlardan məlumatlar alınır, dərslərə nəzarət edilir.
Qeyd edilib ki, elmi müəssisə rəhbərliyinin və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilən distant tədris prosesi barədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə mütəmadi olaraq məlumatlar verilir.