ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunun 60 illik yubileyi qeyd olunacaq
Bakı, 16 oktyabr, AZƏRTAC
Bu il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun yaranmasının 60 ili tamam olur. Bu münasibətlə oktyabrın 18-də AMEA-nın əsas binasında təntənəli iclas keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda AMEA rəhbərliyi ilə yanaşı, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali məktəb rektorları, xarici ölkələrdən tanınmış iqtisadçı alimlərin iştirakları gözlənilir.
İclasda bir neçə xarici elmi mərkəzlə birgə tədqiqatların aparılması haqqında müqavilələrin imzalanması, gənc iqtisadçılar arasında keçirilmiş elmi məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması, Çin SEA İqtisadiyyat İnstitutu Elmi Şurasının sədri, professor Pei Çanhunqa AMEA İqtisadiyyat İnstitutunun fəxri doktoru diplomunun təqdim edilməsi nəzərdə tutulur. Yubiley tədbirindən sonra “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Tədbir çərçivəsində iclas iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edəcəklər. Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunacaq.