ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunun əməkdaşı beynəlxalq təlimdə monetar siyasətlə bağlı müzakirələrdə iştirak edib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədov Avstriyanın Birləşmiş Vyana İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Valyuta Fondunun Professional və Təşkilati İnkişaf İnstitutunun təqdim etdiyi “Monetar siyasət” mövzusunda beynəlxalq virtual təlimdə iştirak edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iki həftəlik kursda monetar siyasət rejimləri, monetar transmissiya mexanizmləri və makroiqtisadi sabitləşmədə monetar siyasətin rolu geniş müzakirə olunub. İştirakçılara müxtəlif rejimlərdə qiymət sabitliyini təmin etmək və digər məqsədlərə nail olmaq üçün monetar siyasət qərarlarının qəbul edilməsi, bu qərarların real iqtisadiyyata ötürülməsi, müxtəlif monetar siyasət çərçivələrində iqtisadiyyatın və monetar siyasətin makroiqtisadi şoklara reaksiyasının qiymətləndirilməsi haqqında əhəmiyyətli məlumatlar verilib.