ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunun yaradılmasına həsr edilən tədbir keçirilib
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda aprelin 14-nün “İnstitut günü” elan olunması münasibətilə tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli bu günün qeyd olunmasının əsas məqsədinin iqtisad elminin və Azərbaycanda onun flaqmanı kimi İqtisadiyyat İnstitutunun ictimai əhəmiyyətinə diqqət çəkmək olduğunu qeyd edib. O bildirib ki, aprelin 14-də institutun yaradılmasının 61 ili tamam olacaq. “İnstitut günü” ərəfəsində müəssisənin “youtube” kanalı da açılıb və elm mərkəzinin fəaliyyəti ilə bağlı videoların yerləşdirilməsinə başlanılıb. İnstitutda aparılan elmi tədqiqatlar, görülən işlər, həyata keçirilən layihələr barədə də məlumat verən direktor inzibati şöbələrin bir sıra əməkdaşlarına səmərəli fəaliyyətlərinə görə fəxri diplom təqdim edib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli İqtisadiyyat İnstitutunda keçirilən “İnstitut günü” təcrübəsinin AMEA-nın digər institutları üçün də örnək ola biləcəyini vurğulayıb. Bildirib ki, belə bir gündə institutun keçdiyi yola nəzər salınır, gələcək hədəflər müəyyənləşdirilir. İqtisadiyyat İnstitutunun yetirmələri iqtisadiyyatın müxtəlif sahələrində, dövlət strukturlarında yüksək səviyyədə fəaliyyət göstərirlər ki, bu da institutun uğurudur. İnstitutun alimləri dövlət proqramlarının, strateji yol xəritələrinin hazırlanmasında və həyata keçirilməsində ekspert qismində yaxından iştirak edirlər. Hökumət və dövlət qurumları institutun elmi potensialından yararlanırlar. Son vaxtlar İqtisadiyyat İnstitutu yeni ideya və təşəbbüslərlə çıxış edir ki, bu da müsbət qiymətləndirilməlidir.
Milli Məclisin deputatı Əli Məsimli qeyd edib ki, İqtisadiyyat İnstitutu AMEA-nın fundamental elmi mərkəzi olmaqla Azərbaycanda tanınmış iqtisadçılar nəsli yetişdirib.
AMEA-nın müxbir üzvləri Akif Musayev və Şahbaz Muradov, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov da çıxışlarında institutun keçdiyi şərəfli yola nəzər salıblar. Onlar institutun tarixi ənənələri, iqtisad elminin inkişafındakı və iqtisadçı alimlərin yetişdirilməsindəki rolunu və xidmətlərini qeyd ediblər.
Xatırladaq ki, İqtisadiyyat İnstitutunun direktoru institutun 1958-ci il aprelin 14-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradıldığını əsas götürərək hər il aprelin 14-nün müəssisədə “İnstitut günü” kimi qeyd olunması haqqında əmr imzalayıb.