İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyi: 16 min 133 sahibkarlıq subyektində monitorinq aparılıb
Bakı, 14 iyul, AZƏRTAC
Sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət tədbirləri davam etdirilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə sahibkarlıq subyektlərində iyulun 13-də keçirilən monitorinqlərdə Nizami rayonunda “Ayla market”də, Rüstəm Qədirliyə məxsus ərzaq mağazasında, Eldəniz Əliyevə məxsus “1001 xırdavat”da, Binəqədi rayonunda “Kalva market”də, “Lyüks dönər”də, Yasamal rayonunda Sevda Hüseynovaya məxsus xırdavat mağazasında, Telman Nəsirova məxsus marketdə, Xətai rayonunda “Darçın Şirniyyat Evi”ndə, Nəsimi rayonunda “Təndirçi” ictimai-iaşə obyektində, Lənkəran rayonunda Zaur Əsədova, Rizvan Əliyevə məxsus avtomobil ehtiyat hissələri mağazasında, Əlisahib Mövsümzadəyə və Rahim Qafarova məxsus marketlərdə, Saleh Dostiyevə məxsus “Ruzi Marketdə”, Füzuli rayonunda “Mandarin market”də, “Oba market”də, “Zeytun Pharmacevticals” MMC-yə məxsus aptekdə, Bərdə rayonunda Eldəniz Orucova, Elgiz Mehdiyevə və Orxan Aslanova məxsus avtomobil ehtiyat hissələri mağazasında, ümumilikdə monitorinq aparılmış 397 obyektin 105-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Nazirliyin əməkdaşları nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.
İyulun 13-də nəzarət tədbirləri keçirilmiş obyektlərin 44-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergiödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.
Qeyd edək ki, mayın 22-dən iyulun 14-dək monitorinq aparılmış 16 min 133 sahibkarlıq subyektindən 6778-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.