İqtisadiyyat Nazirliyi Ağdamda təlim keçirib VİDEO
AzerTAg.az
Ağdam, 10 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam şəhərindəki Konfrans Mərkəzində İqtisadiyyat Nazirliyi tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları üçün təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev çıxış edərək təlimin işinə uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib. İşğal dövründə dağıdılmış şəhər və kəndlərimiz dövlətimizin başçısının tapşırığına uyğun olaraq yenidən qurulur. Azərbaycan digər dövlətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir. Eyni vaxtda əsas infrastruktur layihələri həyata keçirilir, nəqliyyat və logistika, enerji təchizatı, su təchizatı və telekommunikasiya sahələrində işlər aparılır. Görülən bütün işlər işğaldan azad edilmiş ərazilərimizin və bütövlükdə ölkənin iqtisadi, sosial qüdrətinin yüksəldilməsinə, eyni zamanda, idarəetmənin təkmilləşdirilməsinə istiqamətləndirilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov işğaldan azad edilmiş ərazidə olmaqdan qürur duyduqlarını bildirib. “Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi mövzularında təqdimatla çıxış edib.
Sonra Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramovun “Keyfiyyət infrastrukturunun inkişafı, standartlaşdırma və malların, iş və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi prosedurları” mövzusunda çıxışı dinlənilib.
Tədbirdə, həmçinin “Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziyalar və icazələr, “Özəl sektorun işğaldan azad edilmiş ərazilərə cəlbetmə mexanizmləri”, “İnvestisiyaların təşviqi mexanizmi”, “Sahibkarların maliyyə resurslarına çıxış imkanları” mövzularında da məlumatlar verilib, fikir mübadiləsi aparılıb.
Təlim zamanı iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.








Xəbərin mətnində orfoqrafik səhv var