İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyi: Daha 388 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Bakı, 3 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət tədbirlərini gücləndirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 2-də monitorinqlər keçirilən 532 ticarət və ictimai iaşə obyektinin 388-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib. Aradan qaldırılması mümkün olan hallarla bağlı bir sıra sahibkarlıq subyektlərinə xəbərdarlıq olunub, müəyyənləşdirilmiş qaydaların və tələblərin ciddi şəkildə pozulmasına yol verilmiş obyektlərin sahibləri barədə isə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.
Nəzarət tədbirləri zamanı satıcıların, istehlakçıların quruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb və karantin qaydalarının pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.