İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyi Dubaya və Qahirəyə ixrac missiyaları təşkil edir
Bakı, 12 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi Dubaya və Qahirəyə ixrac missiyalarını təşkil etdiyini elan edib. İxracatçılar ixrac missiyalarında iştirak etmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dubaya ixrac missiyaları 27-30 noyabrda, Qahirəyə 1-3 dekabrda baş tutacaq.
İxrac missiyaları təbii mineral sular, ət və ət məhsulları, meyvə-tərəvəz məhsulları, meyvə şirələri, bal və bal məhsulları, süd və süd məhsulları sahələrini əhatə edir.
İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək.
Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər prospekti 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected] . Əlaqə telefonu: +99412 5980147/48.
Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında noyabrın 22-də AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları: ixracatçının məhsulları üzrə istehsal potensialı – 10 bal, məhsulun hədəf ölkəyə ixrac potensialı – 10 bal, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 bal). Meyarların cəmi üzrə keçid balı minimum 20 baldır.
İxrac missiyalarında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir: ərizə, sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.
Sənədlər aşağıdakı ünvan üzrə noyabrın 21-dək təqdim olunmalıdır: AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər prospekti 32, Bakı, AZ1000.