İQTİSADİYYAT
“Pilot Regional İnkişaf Proqramının icrası üzrə Texniki Dəstək Layihəsi” başa çatıb YENİLƏNİB
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də İqtisadiyyat Nazirliyi və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən "Pilot Regional İnkişaf Proqramının icrası üzrə Texniki Dəstək layihəsi”nin yekun konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrasının uğurlu nəticələri, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində görülən işlər, həyata keçirilən islahatlar barədə məlumat verib.
Qeyd edilib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşdırılan texniki yardım layihələrinin icrası regionların sosial-iqtisadi inkişafı sahəsində xarici təcrübənin öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətlidir.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas ölkəmizlə Avropa İttifaqı arasında regionların inkişafı sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirərək, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə “Pilot Regional İnkişaf Proqramının icrası üzrə Texniki Dəstək Layihəsi”nin nəticələri ilə bağlı təqdimatlar edilib, həmçinin layihənin “Bacarıqların Artırılması Proqramı”nı müvəffəqiyyətlə tamamlamış əməkdaşlara sertifikatlar təqdim olunub.
Konfransda İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin əməkdaşları, həmçinin fermer və sahibkarlar iştirak ediblər.