Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlət başçısının 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını bəyan etdiyini vurğulayan iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev bu istiqamətdə həyata keçirilən tədbirlər və bu ilin birinci yarısının əsas sosial-iqtisadi göstəriciləri barədə məlumat verib.

Vurğulayıb ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və bundan əvvəl keçirilən müşavirələrdəki çıxışlarında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr hazırkı mürəkkəb xarici iqtisadi mühitdə ölkəmizin sosial-iqtisadi inkişafını təmin edəcək strateji inkişaf proqramıdır. Belə ki, dövlət başçısı qeyri-neft sektorunun inkişafı və ixracın strukturunda bu sahənin xüsusi çəkisinin artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması, ixracyönümlü yeni istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişafı, xarici sərmayələrin cəlb edilməsi, torpaqlardan səmərəli istifadə olunması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, ixracının genişləndirilməsi, rayonlarda sənaye məhəllələrinin və aqroparkların yaradılması, istixanaların tikintisinin davam etdirilməsi, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası, yeni iş yerlərinin açılması, turizm sənayesinin yaradılması, inşaat materialları üzrə istehsalın genişlədirilməsi, nəqliyyat dəhlizləri üzrə işlərin davam etdirilməsi və sair tapşırıqlar verib.

Kollegiya iclasında İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumlarının rəhbərləri dövlət başçısının tapşırıqlarının icrası istiqamətində görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məruzələrlə çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesində müasir və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına dövlət dəstəyi tədbirləri daha da gücləndirilib. Ölkəmizdə sənayeləşmənin tempi yüksəlib, qeyri-neft sənayesinin şaxələndirilməsi sürətlənib. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi artır, rəqabətqabiliyyətliyi yüksəlir. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, kompyuter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və sair istehsal olunur. Bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir. İstehsalda yerli xammalın xüsusi çəkisinin artırılması istiqamətində sistemli tədbir görülür. Son dövrlərdə yaradılan tikinti materialları istehsalı sahələri - sement, gips əsaslı məhsullar, hörgü blokları, metal konstruksiyalar istehsalı, eləcə də elektrik avadanlıqları və elektrik kabelləri, iri qabaritli transformatorlar istehsalı daxili tələbatı tam ödəməyə yanaşı, xarici bazarlara ixrac etmək imkanı yaradır. Hazırda tikintisi həyata keçirilən polimer, əhəng istehsalı və fasad məmulatları müəssisələri bu sahələrdə də özünü təminat səviyyəsini yüksəldəcək. Tikintisi davam etdirilən Karbamid zavodu kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyət kəsb etməklə, azot gübrəsinə olan tələbatı tam ödəyəcək. Layihənin dəyəri 900 milyon avrodur. Hazırda zavodun tikintisinə 2 min 300 nəfər cəlb olunub. Müəssisənin 2018-ci ilin ilk aylarında istifadəyə verilməsi nəzərdə tutulur.

İclasda sənaye parkları və məhəllələrinin bu sahədəki əhəmiyyəti diqqətə çatdırılıb, Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, hazırda Sumqayıt Kimya Sənaye Parkının (SKSP) 167 hektar ərazisində yeraltı infrastruktur şəbəkəsinin tikintisi, o cümlədən parkın əsas giriş yolunun, yeraltı texniki qalereyanın, ərazidaxili qaz, su və kanalizasiya xətlərinin, eləcə də kimyəvi tullantı suyu xətlərinin, ərazidaxili məişət tullantı suyu və yağış suyu şəbəkəsinin, yanğına qarşı, içməli və texniki su xətlərinin tikinti-quraşdırma işləri tamamlanıb. Əlavə olaraq ayrılmış 127,96 hektar ərazidə söküntü və düzənlənmə işləri başa çatdırılıb. Sənaye Parkının daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, xarici elektrik verilişi və ərazidaxili elektrik xətlərinin, 110 kilovoltluq yarımstansiyanın tikinti-quraşdırma işləri davam etdirilir. Xarici elektrik verilişi xətlərinın və yarımstansiyanın tikintisi bu ilin noyabrında tamamlanacaq. Hazırda Sumqayıt Kimya Sənaye Parkının 8 rezidenti vardır.

SKSP-nin ilk rezidenti olan "Azertexnolayn" MMC artıq istehsal prosesinə başlayıb. Hazırda parkın ərazisində "Azertexnolayn" MMC-yə məxsus 3 müəssisə - Türkiyə, Yaponiya və Koreya Respublikası texnologiyaları əsasında ildə 200 min ton müxtəlif diametrli polad borular, 5 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, 3 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edən Polad Boru, Polietilen Məmulatları və Hidrotexniki Avadanlıqlar zavodları fəaliyyət göstərir. Həmin zavodlarda 675 nəfər işlə təmin olunub. Bu istehsal sahələrində istehsal olunan məhsulların 75 faizi ixrac olunur. Bu istehsal sahələrinin yaradılmasına 65,5 milyon manat investisiya yatırılıb.

Parkın digər rezidenti "SOCAR Polymer" MMC tərəfindən sənaye parkında Avstriya və Kanada texnologiyası əsasında illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan zavodların inşası həyata keçirilir. Hazırda polimerlərin istehsalı üzrə ixtisaslaşmış ölkələrin istehsal etdiyi avadanlıqlar parkın ərazisinə gətirilməkdədir. "SOCAR Polymer" MMC istehsal prosesində yerli xammaldan - "Azərikimya" İstehsalat Birliyində istehsal olunan propilen və etilendən istifadə edəcək. Ümumi investisiyanın həcmi 700 milyon ABŞ dolları olan layihə çərçivəsində 300 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur. Hazırda tikinti işlərinə 1100 nəfər cəlb edilib. 2018-ci ildən müəssisədə istehsal prosesinə başlanacaq.

Qeyd edilib ki, müəssisədə istehsal olunacaq polimerlər – polipropilen, yüksək və aşağı sıxlıqlı polietilen sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrdə, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərində xammal kimi geniş istifadə olunacaq. Bu isə, sənaye məhsullarının rəqabətqabiliyyətinin artırılmasında, kiçik və orta sahibkarlar tərəfindən yeni istehsal klasterlərinin yaradılmasında əhəmiyyətli olacaq. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində bu imkanlardan yararlanmaq məqsədilə "SOCAR Polymer" Şirkəti ilə kiçik və orta sahibkarların görüşü təşkil ediləcək.

SKSP-nin digər rezidenti "AzerFloat" QSC sənaye parkının ərazisində Float texnologiyası əsasında illik istehsal gücü 8 milyon kvadratmetr olan müxtəlif çeşiddə şüşə lövhələri istehsal edəcək. Layihə çərçivəsində 150 yeni iş yeri açılacaq. İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici bazarlara ixrac ediləcək. Layihənin dəyəri 78 milyon avro təşkil edir.

Bildirilib ki, parkın sayca 4-cü rezidenti "Azerbaijan Fibro Cement" MMC sənaye parkının ərazisində illik 6 milyon kvadratmetr fibro-sement lövhələrin istehsalını həyata keçirəcək. İstehsalat Avstriya texnologiyası əsasında qurulacaq. Dəyəri 90 milyon manat olan layihə çərçivəsində 200 nəfər işlə təmin ediləcək. SKSP-nin digər rezidenti "Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti" illik istehsal gücü 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsal edən və Koreya Respublikası texnologiyasına əsaslanan zavodun tikintisinə başlayıb və tikinti işlərinə 70 nəfər cəlb olunub. Müəssisədə 120 nəfər daimi işlə təmin ediləcək. Dəyəri 27,5 milyon manat olan müəssisənin 2017-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Kimya Sənaye Parkının digər rezidenti - İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti "SİKA" MMC sənaye parkının ərazisində İsveçrə və Türkiyə texnologiyaları əsasında ildə 5 min ton tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək. Dəyəri 5,3 milyon manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Layihənin özəlliyi ondan ibarətdir ki, tikinti materialları üçün qatqıların hazırlanması ilə bağlı istifadə olunan xammalı şirkət yeni tikiləcək zavodda istehsal edəcək. Hazırda bu xammala olan tələbat bütünlükdə idxal hesabına ödənilir. İstehsal olunacaq məhsulların Azərbaycan bazarında satışı ilə yanaşı, xarici bazarlara, o cümlədən Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İran İslam Respublikasına ixrac edilməsi planlaşdırılır. Müəssisənin 2017-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.

Məlumat verilib ki, parkın rezidenti "MST Engineering Services" MMC isə ABŞ-nın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsal edəcək. Bu məhsullara neft-kimya, maşınqayırma və digər sənaye sahələrində tələbat böyükdür. Layihənin icrası 40-a yaxın yeni iş yerinin açılması imkanı yaradır. Məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, MDB ölkələrinə ixracı edilməsi nəzərdə tutulur. Dəyəri 4,5 milyon manat olan müəssisənin 2017-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi yeni qeydiyyatdan keçmiş "Aqrokimya Azərbaycan" MMC isə Türkiyə və Almaniya texnologiyası əsasında ildə 57 min ton maye halında və 13 min ton toz halında pestisidlər istehsalını həyata keçirəcək. Kənd təsərrüfatında geniş istifadə olunan bu məhsullar demək olar ki, 100 faiz həcmdə idxal olunur. Dəyəri 24,1 milyon manat olan müəssisənin 2017-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Layihə çərçivəsində 100 nəfər daimi iş yer ilə təmin olunacaq. Bununla belə, hazırda Sumqayıt Kimya Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində bir sıra şirkətlərlə danışıqlar aparılır.

İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin müraciətləri əsasında 30 təsdiqedici sənəd hazırlanıb və İqtisadiyyat Nazirliyində təsdiq edilərək müraciət edənə və müvafiq gömrük orqanlarına təqdim edilib ki, bunun nəticəsində rezidentlər 20 milyon manatadək vəsaitə qənaət ediblər. Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin layihələri əsasında cəlb olunan investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcək.

Qeyd edilib ki, Qaradağ Sənaye Parkının rezidenti olan "Bakı Gəmiqayırma Zavodu" MMC müxtəlif təyinatlı gəmilərin tikintisini və təmirini həyata keçirir. "Bakı Gəmiqayırma Zavodu"nda ildə 15 min ton yükgötürmə qabiliyyəti olan 4 və ya 70 min ton yükgötürmə qabiliyyəti olan 2 tanker və 4 özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür. İndiyədək müəssisədə 50 tonluq dartıcı qüvvəyə malik yedək gəmisi tikilib, hər biri 80 sərnişin tutumuna malik 3 sərnişin gəmisinin inşası başa çatdırılıb. Zavodun ən böyük sifarişi isə BP şirkəti üçün ümumi dəyəri 378 milyon ABŞ dolları olan "Xankəndi" Sualtı Tikinti Gəmisinin layihələndirilməsi və tikintisidir. Gəminin tikintisinin 2017-ci ilin aprel ayında başa çatdırılması nəzərdə tutulur. Bundan başqa, bu günədək zavodda 73 gəminin təmiri aparılıb.

Bildirilib ki, Mingəçevir Sənaye Parkında fəaliyyətin təşkili, o cümlədən müvafiq infrastrukturla təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Sənaye Parkının bütün infrastrukturunun yaradılması dövlət vəsaiti hesabına maliyyələşdiriləcək. Bununla da, sənaye parklarının rezidentləri bu xərcləri qənaət etmiş olurlar. Belə ki, mövcud təcrübəyə əsasən istehsal müəssisələrinin tikintisi zamanı investisiya qoyuluşunun təqribən 25 faizi infrastruktur xərclərinə yönəldilir. Artıq Sənaye Parkının ərazisindəki yararsız qurğu və tikililər sökülüb, tikintiyə hazırlıq işləri başa çatdırılıb. Parkda yerli xammaldan istifadə etməklə yüngül sənayenin müxtəlif sahələri, o cümlədən iplik, parça, geyim, sənaye üsulu ilə xalça istehsalı üzrə müəssisələr yaradılacaq. İlkin hesablamalara görə, Sənaye Parkına 100 milyon manatdan çox investisiya yatırılması və 2 mindən yaxın iş yerinin açılması nəzərdə tutulur.

Məlumat verilib ki, "Yaşıl iqtisadiyyat"ın, təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkının ümumi sahəsi 7 hektardır. Artıq Sənaye Parkında torpaqlama və hasarlama işləri, xarici su və qaz xətlərinin çəkilişi başa çatdırılıb. Parkın xarici elektrik təchizat işləri isə tamamlanmaq üzrədir və istehsalat sexlərinin, eləcə də daxili infrastruktur obyektlərinin tikintisi işləri aparılır. Ümumi istifadədə olan infrastruktur obyektlərinin qurulması və anqar modul tipli istehsalat sexlərinin dövlət vəsaiti hesabına tikintisi nəzərdə tutulur. Hazırda ümumi sahəsi 12 min kvadratmetr təşkil edən 14 anqar modul tipli istehsalat sexinin inşası həyata keçirilir və tikinti işlərinin 2017-ci ilin mart ayınadək tamamlanması gözlənilir. İndiyədək Balaxanı Sənaye Parkında tullantı yağlarının, plastik butulkaların, kağız-karton məmulatların, avtomobil şinlərinin, plastik materiallarının təkrar emalı sahələri üzrə 5 şirkət Parkın rezidenti olaraq qeydiyyatdan keçib.

Balaxanı Sənaye Parkının ilk rezidenti olan "Ekokat" MMC-nin tullantı yağlarının emalı layihəsinin ümumi investisiya dəyəri 900 min manat təşkil edir. 1700 kvadratmetrlik istehsal sahəsində 12 nəfər daimi işlə təmin olunacaq. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan 200 min manat məbləğində güzəştli kredit ayrılıb. Artıq istehsal avadanlığı quraşdırılıb, test rejimində istehsala başlanıb, ilkin olaraq 10 ton hazır məhsul istehsal olunub və satılıb. İstehsal sahəsi ildə 3 min ton təkrar emal gücünə malikdir.

Parkın daha bir rezidenti - "Az.Ekol" MMC pet butulkaların təkrar emalı ilə məşğul olacaq. İnvestisiya məbləği 1.3 milyon manat təşkil edən layihə 1600 kvadratmetr istehsal sahəsində həyata keçiriləcək. Layihənin reallaşdırılması 29 nəfərin daimi işlə təmin olunması imkanı yaradır. İstehsal prosesi zamanı pet butulkalardan alınacaq yüksək keyfiyyətli pet qırıntılarının xarici ölkələrə ixracı nəzərdə tutulur. Gələcəkdə pet qırıntılarından yerli bazarda son məhsul olan pet ipliyin istehsal olunması nəzərdə tutulur (istehsal gücü ildə 2400 ton).

Balaxanı Sənaye Parkının digər rezidenti "Ekotire" MMC yük avtomobillərinin və xüsusi təyinatlı texnikanın təkərlərinin soyuq üsulla bərpa olunması ilə məşğul olacaq. Layihənin ümumi investisiya dəyəri 3.7 milyon manatdır. İstehsal sahəsində 24 nəfərin daimi işlə təmin olunacağı planlaşdırılır. Daha bir rezident - sahibkar Etibar Eminov Balaxanı Sənaye Parkının ərazisində kağızın təkrar emalı nəticəsində çap-poliqrafiya məhsulları istehsal edəcək. Layihənin investisiya dəyəri 700 min manatdır. İstehsal sahəsində 10-dan çox daimi iş yeri açılacaq.

Qeyd edilib ki, iyulun əvvəlində rezident statusu almış "MET-AK" MMC təkrar emal olunmuş plastik materiallardan iri həcmli müxtəlif məhsullar istehsal edəcək. İnvestisiya tutumu 16,5 milyon manat olan və 2 min kvadratmetr sahədə təşkil olunacaq istehsal sahəsində 130-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Ümumilikdə, Balaxanı Sənaye Parkının qeydiyyata alınmış 5 rezidenti tərəfindən 23 milyon manat investisiyanın yatırılması nəzərdə tutulur və layihələrin reallaşdırılması 200-dən çox daimi iş yerinin açılması imkanı yaradır.

Bütün bunlarla yanaşı, Balaxanı Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı şirkətlərin cəlb olunması məqsədilə müxtəlif təşviqat işləri aparılır, "bsp.az" internet portalı fəaliyyət göstərir. Hazırlanmış təşviqat xarakterli materiallar yerli və xarici tədbirlərdə istifadə olunur. Artıq bir sıra şirkətlər Balaxanı Sənaye Parkının rezidenti olmaq barədə müraciət ediblər və hazırda bu müraciətlərə baxılır, məişətdə əmələ gələn təhlükəli tullantıların, o cümlədən akkumulyator və batareyaların, elektrik və elektron tullantılarına marağın yönəldilməsi məqsədilə bir sıra şirkətlərlə danışıqlar aparılır.

Bildirilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir. Dövlət başçısının imzaladığı Fərman və Sərəncamlarla verilmiş tapşırıqların icrası olaraq, Neftçala Sənaye Məhəlləsinin tikintisi işlərinə ötən ilin sentyabrında başlanılıb və artıq tikinti işləri başa çatdırılıb. Tikinti işlərinə iş həcmindən asılı olaraq 60-220 nəfər yerli sakin cəlb olunub. Artıq ümumi sahəsi 7 min 800 kvadratmetr olan 8 istehsal təyinatlı modullaşdırılmış blok, 1200 kvadratmetr olan inzibati bina, texniki binalar, bütün zəruri infrastruktur sahibkarların istifadəsi üçün hazır vəziyyətə gətirilib.

Neftçala Sənaye Məhəlləsinin inzibati binası iki mərtəbəli olmaqla toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərən müəssisələrə icarəyə veriləcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Hazırda Neftçala Sənaye Məhəlləsində balıq yemi, balıq konservi istehsalı, kağız stəkanların, nasos, qoşqu avadanlıqlarının istehsalı, eləcə də dizel mühərriklərinin təmiri, müxtəlif təyinatlı kənd təsərrüfatı avadanlıqlarının, sutəmizləyici filtrlərin istehsalı və su hovuzları üçün kimyəvi dərmanların qablaşdırılması, İranın "Khodro" şirkəti ilə birlikdə avtomobil və ehtiyat hissələrinin istehsalı sahəsində layihələr reallaşdırılır.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Masallı Sənaye Məhəlləsinin təşkili ilə bağlı işlər intensiv olaraq davam etdirilir. Sahibkarların Masallı Sənaye Məhəlləsinə marağı böyükdür. Belə ki, sahibkarlar tərəfindən artıq ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir. Hazırda yerli potensial nəzərə alınmaqla digər regionlarda da sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, xüsusi əhəmiyyət kəsb edən əczaçılıq məhsullarının istehsalının təşkili üzrə işlər davam etdirilir. İranın ən böyük əczaçılıq holdinqi olan və 31 şirkətin daxıl olduğu "Tamin Pharmaceutical İnvestment Company" şirkəti ilə bu ilin aprelində Anlaşma Memorandumu imzalanıb. Layihəyə uyğun olaraq, istehsal müəssisəsinin yaradılması mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə həb və kapsula istehsalı, ikinci mərhələdə ampula və flakon, üçüncü mərhələdə isə antibiotik dərmanların istehsalı nəzərdə tutulur. Müəssisə tərəfindən I mərhələdə 54 təsiredici maddə üzrə 84 adda ağrıkəsici, vitamin və antiinfektiv, antidiabetik, antihistamin, sinir sistemi xəstəliklərinə və qastroentroloji xəstəliklərə qarşı dərmanlar istehsal olunacaq. Layihənin birinci mərhələsi çərçivəsində 60 daimi iş yeri açılacaq.

Qeyd edilib ki, əczaçılıq məhsullarının istehsalı üzrə danışıqların aparıldığı digər şirkət Rusiya Federasiyasının "R-Pharm" şirkətidir. Bu ilin iyun ayında təşkil edilmiş Rusiya-Azərbaycan biznes forumu çərçivəsində "R-Farm", Azərbaycanın "Vita-A" MMC və Azərbaycan İnvestisiya Şirkəti arasında əczaçılıq məhsullarının istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb. Layihənin icrası məqsədilə "Həyat Farm" MMC təsis edilib. Ümumi dəyəri 47 milyon avro olan layihənin reallaşması zamanı qabaqcıl texnologiya və avadanlıqlardan, Avropanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunacaq. Birgə Müəssisə tərəfindən onkologiya, QİÇS, hepatit, nevrologiya və psixiatriya istiqamətli dərmanlar və antibiotiklərin istehsal edilməsi, 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal ediləcək məhsulların yerli bazarla yanaşı, Gürcüstan, İran, Türkiyə, Mərkəzi Asiya və Ukrayna bazarlarında satışının təşkili planlaşdırılır. Əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə, Ukrayna, Almaniya, İsveçrə və digər ölkələrin aparıcı şirkətləri ilə danışıqlar aparılır. Artıq dünyanın aparıcı əczaçılıq müəssisələrindən biri Azərbaycanda yaradılacaq əczaçılıq istehsalı müəssisəsində özünün patent hüququ qorunan dərmanlarının qablaşdırılmasının təşkili niyyətini ifadə edib.

Həmçinin bildirilib ki, ölkəmizdə ənənəvi sənaye sahələrinin, o cümlədən xalçaçılığın inkişaf etdirilməsi məqsədilə "Azərxalça" ASC-nin təşkili işləri aparılır. Azərbaycanda bölgələrdə 10 xalça istehsalı müəssisəsinin, Sumqayıtda isə əyirmə-boyama müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrdə 1700-ə yaxın iş yerinin açılması planlaşdırılır. Xalça istehsalı müəssisələrinin sayının gələcəkdə 30-a çatdırılması və 5000 nəfərin işlə təmin olunması gözlənilir. Bununla yanaşı, "Azərbaycanda xalçaçılığın inkişafı üzrə Dövlət Proqramı"nın layihəsi hazırlanıb və hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Xalça və xalça məmulatlarının istehsalı və ixracının genişləndirilməsi məşğulluğun artırılmasında mühüm rol oynayacaq.

Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqların icrası barədə məlumat verilərək bildirilib ki, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, çayçılığın, fındıqçılığın və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir, bu sahədə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılıb. Bu məqsədlə fermerlərə 60.6 milyon manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda müasir suvarma sistemləri qurulub. Hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda isə 120 sentnerədək təşkil edir.

Məlumat verilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, mövcud aqroparkların infrastukturunun təkmilləşdirilməsi, istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan emal sahələrinin qurulması, eyni zamanda yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib.

Xaçmaz rayonunda 523 hektar ərazidə yaradılmış Yalama Aqroparkında 3 min başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, 385 hektar sahədə müasir suvarma sistemlərinin tətbiqi ilə iri fermer təsərrüfatı, gücü saatda 5 ton olan qüvvəli yem zavodu yaradılıb, tutumu 4,5 min ton olan taxıl anbarı və qurutma avadanlığı quraşdırılıb, su və elektrik enerjisi, qaz, eləcə də müasir texnika və avadanlıqla təmin olunub. Hazırda aqroparkda 1100 baş cins heyvan saxlanılır. Artıq bu heyvanlardan 471 baş bala alınıb. Təsərrüfatda gündəlik 10 tondan artıq süd emala göndərilir. Qısa müddətdə emala gedən südün həcminin gündəlik olaraq 25 tona çatdırılması gözlənilir. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması üçün növbəli əkin sistemi tətbiq olunmaqla müxtəlif kənd təsərrüfatı bitkiləri - yonca, arpa və qarğıdalı əkilib.

Bununla yanaşı, aqroparkda qabaqcıl texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodunun və 60 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Hazırda Yalama aqroparkında 100 daimi iş açılıb, daha 50 nəfər mövsümi işlərə cəlb olunub. Layihənin II mərhələsinin icrası əlavə olaraq 100 daimi iş yerinin açılmasına imkan yaradacaq.

Şəmkir aqroparkında birinci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzinin yaradılması işləri tamamalanmaqdadır. Bundan başqa, müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı təşkil edilib. İkinci mərhələnin icrası üçün hazırlıq işləri davam etdirilir.

Azərbaycanın digər bölgələrində də aqroparkların yaradılması məqsədilə aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır.

Kollegiya iclasında sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub. Qeyd edilib ki, bu ilin birinci yarısında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sənayenin və aqrar sektorun inkişafına güzəştli kreditlərin verilməsinə, sahibkarların maarifləndirilməsinə dair işgüzar forumların keçirilməsi davam etdirilib. Bu dövrdə 1252 sahibkara 73,2 milyon manat dövlətin güzəştli krediti verilib, 3 min 200-dək yeni iş yerinin açılması imkanı yaradılıb. Verilən kreditlərin 56,8 milyon manatını və ya 77,6 faizini qaytarılmış vəsaitlər təşkil edir. Ümumilikdə, cari ildə sahibkarlara böyük hissəsi geri qaytarılan vəsaitlər olmaqla 250 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Həmçinin bildirilib ki, 18 hüquqi şəxsə investisiya təşviqi sənədi və 13 müəssisəyə təsdiqedici sənəd təqdim olunub. Abşeron rayonu, Xırdalan, Sumqayıt, Qazax, Şəmkir, Şəki, Xaçmaz, Şabran, Xızı, Qusar kimi geniş coğrafi ərazini əhatə edən layihələrin reallaşması nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə 193,7 milyon manat həcmində investisiya yatırılacaq, 1700-dən çox yeni iş yerləri açılacaq. Hazırda investisiya təşviqi sənədinin verilməsi ilə bağlı 11 layihəyə, təsdiqedici sənədin verilməsi ilə bağlı isə 3 müraciətə baxılır. İnvestisiya təşviqi ilə bağlı baxılmada olan layihələrin dəyəri isə 1,7 milyard manatdan çoxdur. Bu layihələr üzrə 1200-ə yaxın yeni iş yeri açılması nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə mexanizminə, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsinə dair və sair qaydaların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib, ixrac prosedurlarının sadələşdirilıməsi və xərclərin azaldılması istiqamətində tədbirlər həyata keçirilib. Daxili bazarın qorunması üçün "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Qanun qəbul olunmuş və qanunun icrası istiqamətində tədbirlər görülür. Yerli istehsalın qorunması istiqamətində bir sıra mexanizmlər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği istiqamətində işlər davam etdirilib. Bu ilin yanvar-iyun aylarında ixrac olunan məhsul çeşidləri 25 faiz artıb. Hazırda logistik imkanların genişləndirilməsi məqsədilə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycanın növbəti Logistik Mərkəzinin yaradılmasına dair işlər aparılır.

İclasda qeyd edilib ki, "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, Ələtdə azad ticarət rejimli xüsusi iqtisadi zonanın təşkili istiqamətində işlər davam etdirilir. Tranzit imkanlarının genişləndirilməsi məqsədilə aparılan koordinasiya işlərinin, tranzit yükdaşımaları üçün yaradılan əlverişli şəraitin nəticəsi olaraq, bu ilin birinci yarısında ölkə ərazisindən keçən yük avtomobillərinin sayı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artıb.

Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar və onların vəsiqələri təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

«Баку. Любовь. Весна»: фестиваль фотографов в Русском доме

“Qarabağ atları”, Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub VİDEO

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar