İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyinin “195-1” Çağrı mərkəzinə mediatur təşkil edilib
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də İqtisadiyyat Nazirliyinin “195-1” Çağrı mərkəzinə mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, nazirlik üzrə vahid platforma – “195-1” Çağrı mərkəzinin yaradılmasında məqsəd vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsidir.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi və qurumlarına “195-1” “qaynar xətt”i vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Çağrı mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir. Çağrı mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün nömrələrdən, heç bir koddan istifadə etmədən birbaşa “195-1” nömrəsinə zəng edilə bilər.
Çağrı Mərkəzində nəzərdə tutulan əsas xidmətlərə qanunvericiliyə və inzibatçılığa dair sualların birbaşa və ya araşdırılaraq cavablandırılması, elektron xidmətlərdən istifadə zamanı yaranan çətinliklərin araşdırılaraq (çətinliyin aradan qaldırılması təmin edilməklə) cavablandırılması, şikayətlərin, təkliflərin və məlumatların qəbulu və aidiyyəti üzrə göndərilməsi, zəng sifarişlərinin və digər müraciətlərin qəbulu, buraxılmış zənglər və zəng sifarişləri üzrə əlaqə yaradaraq müvafiq xidmətin göstərilməsi daxildir. Həmçinin əməliyyatların aparılması (əməliyyat xarakterli xidmətlərin göstərilməsi), rəhbər vəzifəli şəxslərin qəbuluna yazılmanın həyata keçirilməsi, səsli menyu vasitəsilə ümumi məlumatların verilməsi və sair də Çağrı mərkəzinin xidmətlərinə aiddir.
Çağrı mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir.