İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyinin FAO ilə əməkdaşlığı çərçivəsində seminar təşkil olunub
Bakı, 23 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi" mövzusunda seminar keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, beynəlxalq ekspertlər də iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində həyata keçirilən islahatlar, o cümlədən ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verib.
Bildirilib ki, Azərbaycan təşkilatın fəal üzvi kimi BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfini özündə birləşdirən Qlobal Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulub. Dövlət başçısının müvafiq fərmanları ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"nin BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi ilə uyğunluq təşkil edir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak seminarda beynəlxalq ekspertlərin iştirakı ilə müzakirə edilən məsələlərin əhəmiyyətini diqqətə çatdırıb, bu sahədə əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayıb.
Seminarda FAO-nun beynəlxalq ekspertləri Keiqo Obara və Tuğrul Temel ərzaq təhlükəsizliyinin Dayanıqlı İnkişaf Məqsədlərinin tərkib elementi olaraq bu sahədə qarşıya çıxan məsələlərin həlli yolları sahəsində qabaqcıl təcrübələr barədə təqdimatla çıxış ediblər.
Təşkilatın Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin proqram üzrə mütəxəssisi Kaan Evren Basaranın FAO tərəfindən hazırlanan "Potensialın gücləndirilməsi layihəsi" barədə təqdimatı dinlənilib.
Sonda ekspertlər seminar iştirakçılarının suallarını cavablandırıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.