İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
Bakı, 17 aprel, AZƏRTAC
Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində COVID-19 əleyhinə səyyar vaksinasiya məntəqəsi təşkil edilib və nazirliyin könüllü olaraq peyvənd olunmaq istəyən əməkdaşları üçün hər cür şərait yaradılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu həftə ərzində İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların 1700-dək əməkdaşı vaksinasiya üçün müraciət edib.
Ümumilikdə isə koronavirus infeksiyasına qarşı vaksinasiya başlayandan indiyədək İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların 3100-dən çox əməkdaşı peyvənd olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumların əməkdaşlarının koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.