İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib
Bakı, 24 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların rəhbərləri və əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə nazir Mikayıl Cabbarov həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ildə də Azərbaycan iqtisadiyyatının dinamik inkişafın davam etdiyini vurğulayıb, əldə olunmuş nailiyyətlərdə İqtisadiyyat Nazirliyinin əməkdaşlarının töhfəsini qeyd edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, insan kapitalının inkişafının, əməkdaşların bilik və bacarıqlarının artırılmasının önəmini vurğulayan iqtisadiyyat naziri, bunun gələcək uğurların əsas şərtlərindən olduğunu və dövlətimizin başçısının müəyyən etdiyi vəzifələrin icrası, qarşıya qoyduğu məqsədlərə nail olunması istiqamətində Nazirliyin hədəflərini diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan İnvestisiya Şirkətinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib.
İqtisadiyyat naziri xidmətdə fərqlənən əməkdaşların təltif edilməsinin həmin şəxslərin əməyinə verilən yüksək qiymət olduğunu vurğulayıb, Nazirliyin kollektivi adından ölkəmizin rəhbərliyinə minnətdarlığını bildirib.