İQTİSADİYYAT
İqtisadiyyat naziri: Tədiyə balansının cari hesabı 1,4 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır
Bakı, 21 noyabr, AZƏRTAC
Qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2018-ci ildə ÜDM-in 1,5 faiz, növbəti illərdə isə orta hesabla 3,5 faiz artacağı proqnozlaşdırılır. Növbəti ildə də tədiyə balansının cari hesabının müsbət olacağı (1,4 milyard ABŞ dolları) proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Şahin Mustafayev bildirib ki, 2018-ci il hasilatın enməsi nəticəsində neft sektorunun 1 faiz azalacağı, neft-qaz hasilatının, xüsusilə “Şahdəniz” yatağında qaz hasilatının artması nəticəsində növbəti illərdə orta hesabla 5 faizə yaxın artım gözlənilir. Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni tarixi Sazişin imzalanması, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək.