İQTİSADİYYAT
İqtisadiyyat nazirinin müavini “CEO Lunch Baku”nun fəxri qonağı olub
Bakı, 10 aprel, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov “Caspian European Club”un aprelin 10-da təşkil etdiyi “CEO Lunch Baku”da fəxri qonaq qismində iştirak edib.
Klubdan AZƏRTAC-a bildirilib ki, “CEO Lunch Baku”da, həmçinin AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev fəxri qonaq qismində iştirak edib. Tədbirin əvvəlində müxtəlif şirkətlərin nümayəndələri təqdimatlarla çıxış ediblər.
R.Məmmədov 28 il öncə müstəqilliyini bərpa etmiş Azərbaycanın Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzinə çevrildiyini, Azərbaycanın iqtisadi potensialının güclənməsinin ölkəmizin xarici iqtisadi əlaqələrində də müsbət dinamikaya təkan verdiyini, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində ölkədə yaradılmış siyasi, iqtisadi və maliyyə sabitliyi, böyük tranzit potensialı, həyata keçirilən iri regional layihələr, əlverişli biznes mühitinin ölkəmizin investisiya baxımından cəlbediciliyinin təmin etdiyini, ölkəyə yatırılan investisiyalar, ölkənin ixrac imkanlarının artırılması və “Made in Azerbaijan“ brendinin xarici bazarlarda təşviqi məqsədilə kompleks tədbirlərin reallaşdırıldığını qeyd edib.
Həmçinin beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl işin Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdiyi, nəticədə ötən müddət ərzində Azərbaycanın bir sıra nüfuzlu beynəlxalq institutlarla əlaqələrin daha da möhkəmləndirildiyi qeyd olunub. Bundan başqa, əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılmasının ölkəmizin xarici ölkələrlə nəqliyyat əlaqələrinin inkişafını, etibarlı nəqliyyat şəbəkəsinin formalaşdırılmasını təmin etdiyini bildirilib. R.Məmmədov tədbir iştirakçılarına Azərbaycandakı iqtisadi vəziyyət və həyata keçirilən islahatlar barədə məlumat verib.
Tədbir İqtisadiyyat Nazirliyi ilə əməkdaşlığın genişləndiriməsində maraqlı olan “Caspian European Club”un üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil edilib. “CEO Lunch Baku”da qeyri-rəsmi şəraitdə klubun üzv şirkətlərinin rəhbərlərinin özəl sektor ilə İqtisadiyyat Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə təklif və təşəbbüsləri müzakirə olunub. “CEO Lunch Baku”nun iştirakçıları, həmçinin onları maraqlandıran suallara da cavab alıblar.
Tədbirdə R.Məmmədova “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. Klubun yeni üzvlərinə və üzvlüyünü davam etdirən şirkətlərinə də sertifikatlar verilib.