REGİONLAR
İqtisadiyyat nazirinin müavini Göyçayda vətəndaşları qəbul edib
Bakı, 22 noyabr, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Göyçayda vətəndaşları qəbul edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 22-də keçirilmiş qəbula gələn vətəndaşlar güzəştli kreditlərin verilməsi, yeni məktəb və uşaq bağçalarının tikintisi, investisiya təşviqi sənədinin verilməsi, torpaq sahəsinin təyinatının dəyişdirilməsi, kənd yolunun çəkilməsi, sosial və sair məsələlərlə bağlı müraciət ediblər. Nazirliyin aidiyyəti əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib.
Eyni zamanda, qəbul zamanı müraciət edən sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, əkinçilik, çörək istehsalı, avadanlıqların alınması, soyuducu anbar kompleksinin yaradılması və sair sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məsələsinə baxılması məqsədəuyğun hesab edilib. Sahibkarlara investisiya layihələrinin mailiyyələşdirilməsində müvafiq köməkliyin göstəriləcəyi bildirilib.