REGİONLAR
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Saatlıda, Sahib Məmmədov isə Hacıqabulda vətəndaşları qəbul edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşlar güzəştli kreditlərin verilməsi, yeni məktəbin və uşaq bağçasının tikintisi, əkin sahələrinin suvarılmasına kömək göstərilməsi, torpaq sahəsinin hüquqi qeydiyyatı, kənd yolunun çəkilişi, modul tipli sutəmizləyici qurğunun quraşdırılması, kəndin qazlaşdırılması, sosial və sair məsələlərlə bağlı müraciət ediblər.
Nazirliyin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerində həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların pambıq emalı müəssisəsinin yaradılması, heyvandarlıq, əkinçilik, bağçılıq və sair sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məsələsinə baxılması barədə müvafiq göstərişlər verilib.
Qəbula gələn digər rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib və həlli üçün lazımi tədbirlər görülüb. Qəbula gələnlər bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.