ELM VƏ TƏHSİL
İqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında məruzələr dinlənilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində “Elm aylığı” çərçivəsində “İqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında məruzələr” mövzusunda tədbir keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə tədqiqatçı alimlərlə yanaşı, ölkənin nüfuzlu elm adamları və ekspertlər iştirak ediblər.
Universitetin rektoru, professor Ədalət Muradov “Elm aylığı”nın əhəmiyyətindən danışıb. Bildirilib ki, UNEC artıq uzun müddətdir ki, “Elm günləri”nə, “Elm həftəsi”nə ev sahibliyi edir. “Elm aylığı”nın əsas məqsədi UNEC-də elmi fəaliyyəti artırmaq, müəllim və tələbələri elmi tədqiqat işlərinə həvəsləndirmək, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq, onları cəmiyyətə təqdim etməkdir. Ə.Muradov universitetdə tədqiqat apara biləcək alimləri müəyyənləşdirməyin vacibliyini xüsusi vurğulayıb.
Rektor bu istiqamətdə həyata keçiriləcək layihələrdən danışıb. Bildirilib ki, nüfuzlu elmi jurnallarda məqaləsi çap edilən əməkdaşlara artıq mükafatlar verilir. Tədqiqatçı alimləri bir araya gətirmək üçün “UNEC ekspert” jurnalı nəşr olunur.
“XXI əsr Tədris Mərkəzi”nin rəhbəri Etibar Əliyev qeyd edib ki, Nobel mükafatının sahiblərinin müəyyənləşdirilməsi dünyanın diqqət mərkəzində olan hadisədir. Bu baxımdan, UNEC-də “Elm aylığı” çərçivəsində iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələrin dinlənilməsi təqdirəlayiqdir.
Sonra E.Əliyev “Nobel mükafatı və Bakı fondu” mövzusunda təqdimatla çıxış edib. O, Nobel mükafatının tarixi, verilmə qaydaları və statistikası haqqında danışıb, mükafatın təsis olunmasında Bakı neftinin rolunu vurğulayıb.