DÜNYA
İqtisadiyyat üzrə builki Nobel mükafatı laureatlarının adları açıqlanıb
Stokholm, 8 oktyabr, Rauf Əliyev AZƏRTAC
2018-ci il üçün iqtisadiyyat üzrə Nobel mükafatı “iqlim dəyişikliyini uzunmüddətli makroiqtisadi təhlilə inteqrasiya etdiyi üçün” ABŞ-ın Yel Universitetinin alimi Villiyam D.Nordhausa və “texnoloji yenilikləri uzunmüddətli makroiqtisadi təhlilə inteqrasiya etdiyi üçün” digər amerikalı alim Pol M.Rumerə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən keçirilmiş xüsusi tədbirdə açıqlanıb.
Akademiyanın baş katibi Yoran Xanson bildirib ki, bu alimlərin səyi nəticəsində dövrün ən fundamental və aktual problemlərindən biri olan dünya iqtisadiyyatının uzunmüddətli, davamlı artımı və dünya əhalisinin rifah halı məsələləri araşdırılıb.
Xatırladaq ki, iqtisadiyyat üzrə Nobel mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafatdır. İsveç bankının 300 illiyi münasibətilə təsis olunmuş bu mükafat ilk dəfə 1969-cu ildə verilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm