ELM VƏ TƏHSİL


İqtisadiyyatın rəqəmsal transformasiyasında yeni çağırışlar və imkanlar mövzusunda müzakirələr aparılıb

Bakı, 2 dekabr, AZƏRTAC

Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu-2021 davam edir.

AZƏRTAC xəbər verir ki, dekabrın 2-də Forum çərçivəsində “İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar” mövzusunda panel iclas keçirilib.

İclas Holon Texnologiya İnstitutunun (H.I.T) Kiber şöbəsinin rəhbəri Harel Menaşrinin moderatorluğu ilə keçirilib.

Paneldə çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Forumda müzakirə olunan mövzuların Prezident İlham Əliyevin ölkəmizin 2030-cu ilədək inkişaf istiqamətləri ilə bağlı müəyyən etdiyi Milli Prioritetlərdən irəli gələn məsələlərin effektiv icrası üçün mühüm platforma olduğunu deyib.

Nazir Azərbaycanda rəqəmsal transformasiyanın səmərəliliyinin təmin olunmasından və rəqəmsallaşmanın iqtisadi inkişafa verəcəyi töhfələrdən söz açıb: “Cəmiyyətin inkişafını təmin edən yeganə vasitə innovasiya və texnologiyaların inkişafıdır. Azərbaycanda belə bir cəmiyyətin qurulması əsas hədəflərdəndir və bu istiqamətdə məqsədyönlü addımlar atılır. Reallıq odur ki, bu gün Azərbaycan iqtisadiyyatı təbii resurslardan hələ də asılıdır. Qarşımızda duran əsas məsələ rəqəmsal transformasiyadan maksimum istifadə edərək zaman kəsiyini qısaltmaqdan ibarətdir. Bu vizyonu həyata keçirmək üçün həmin ekosistem yaradılmalıdır. Bu yol isə yalnız qanunun aliliyindən, sağlam fəaliyyət göstərən hökumətin mövcudluğundan, sabit infrastrukturun yaradılmasından keçir. Bunlar təmin edildikdən sonra ölkədə birmənalı şəkildə elmin və təhsilin inkişafına daha çox diqqət ayıra bilərik”.

Sonra Türkiyənin əmək və sosial təminat nazirinin müavini Lütfi Alpkan rəqəmsal transformasiyanın iş dünyasında tətbiqindən danışıb. Süni intellektin, rəqəmsal transformasiyanın üstünlüklərinə, eləcə də yaratdığı problemlərə toxunan nazir müavini trendləri də açıqlayıb. O, dünyanın böyük dövlətlərinin bu istiqamətdə təcrübəsini paylaşaraq, müqayisəli təhlillər aparıb.

Kanadanın Engeland İnstitutunun həmtəsisçisi, baş əməliyyat direktoru Danel Kerimi texnologiyalardakı çatışmazlıqlar, eləcə də texnoloji tullantıların səmərəli istehsalı barədə ətraflı məlumat verib.

BP-nin Sistem arxitekturası üzrə rəhbəri Qaret Key isə smart texnologiyalar və onların neft və qaz sənayesindəki tətbiqindən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.