ELM VƏ TƏHSİL
İqtisadiyyatın solluğu (sağlığı) indeksi ilə bağlı müzakirələr aparılıb
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 10-da AMEA-nın İctimai Elmlər Bölməsi və İqtisadiyyat İnstitutu elmi şurasının birgə iclası keçirilib.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, iclasda bu elm müəssisəsinin direktoru, professor Nazim İmanov "İqtisadiyyatın solluğu (sağlığı) indeksi: ideya, ölçmə metodologiyası, nəticələr və tətbiq imkanları" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi iqtisadiyyatın solluğu (sağlığı) indeksinin əsas mahiyyətini izah edərək iqtisadi siyasətlə bağlı əsasən iki məfkurənin - dövlətin iqtisadiyyata fəal müdaxilə edərək onu tənzimləməsi və dövlətin iqtisadiyyata mümkün qədər az müdaxilə etməsilə azad bazarın özünütənzimləmə mexamizmlərinə üstünlük verməsinin mövcud olduğunu vurğulayıb.
Eyni zamanda, sub-indekslərin hər birinin mahiyyəti və hesablanması metodologiyası ilə bağlı geniş şərh verilib.
Mövzu ətrafında müzakirələr aparılıb.
AMEA-nın müxbir üzvü Nərgiz Axundova qeyd edib ki, İctimai Elmlər Bölməsi institutlarla birgə elmi müzakirələrin keçirilməsində maraqlıdır. AMEA-nın İqtisadiyyat İnstitutunun müxtəlif layihələri var. Onlardan biri də iqtisadiyyatın solluğu (sağlığı) indeksi ilə bağlı layihədir. Bu layihə daha geniş müzakirə üçün AMEA-nın Rəyasət Heyətinə təqdim olunacaq.
AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudov, Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə mövzu ilə bağlı fikirlərini bildiriblər.