İDMAN
İradə Aşumova: Əsas hədəf “Tokio-2020”yə lisenziya qazanmaqdır
Bakı, 3 oktyabr, AZƏRTAC
Güllə atıcılığı üzrə Avropa kubokunun finalında iştirak etmək üçün bu gün Portuqaliyaya yola düşürük. Lissabonda Ruslan Lunyov 25 metr məsafəyə kiçik çaplı tapançadan atəşaçma yarışlarında iştirak edəcək. O, finala vəsiqəni iki Avropa kubokunun nəticələrinə görə əldə edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova deyib. O, ötən ay Koreya Respublikasının Çanqvon şəhərində keçirilmiş dünya çempionatında IV İslam Həmrəyliyi Oyunlarının beşqat çempionu Ruslan Lunyovun çıxışına da münasibət bildirib: “Ruslan dünya çempionatında 10 metr məsafə üzrə pnevmatik tapançadan atəşaçma yarışlarında 582 xalla 5-ci oldu. Qeyd edim ki, ilk 4 yeri tutan idmançılar Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə etdilər. Ruslan “Tokio-2020”yə lisenziya qazana bilməsə də, dünya reytinqində xeyli irəliləyib 93-cü pillədən 10-cu yerə yüksəldi. Həm 10 metr, həm də 25 metr məsafələr üzrə dünya reytinqindəki nəticələri onun gələn il Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirakına imkan verir. Bu ilin sonunda dünya reytinqində ilk 24-lükdə qərarlaşan atıcıların “Minsk-2019”-da iştirakı müəyyənləşəcək”.
Olimpiya mükafatçısı əsas hədəfin növbəti Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu da vurğulayıb: “Gələn ilin fevralından atıcılarımız Tokio Olimpiadasına vəsiqə verəcək yarışlarda iştirak edəcəklər. Əsas hədəf “Tokio-2020”yə lisenziya qazanmaqdır”.