CƏMİYYƏT
İradə İbrahimova: Ağac tingləri paylamaqda məqsədimiz hər kəsdə təbiətə səmimi münasibət formalaşdırmaqdır
Bakı, 10 aprel, AZƏRTAC
Ağac tinglərinin paylanılması ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün yaxşı bir stimuldur. Məqsədimiz ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə vermək və insanlarda təbiətə səmimi münasibət formalaşdırmaqdır. Bu da ətraf mühitin qorunması üçün aparılan təbliğatın bir formasıdır. Ümid edirik ki, vətəndaşlara paylanılan ağac tinglərinin hamısı əkilir. Payladığımız ağac tinglərinin 60-70 faizi belə əkilərsə və bitiş olarsa bunun özü yüksək bir göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kütləvi informasiya vasitələri nümayəndələrinə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, paylanılan ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir və paylanarkən hər regionun iqlim şəraiti nəzərə alınır: “Regionlarda əsasən meyvə tingləri paylanır ki, bu da nəticə olaraq meyvə ağaclarının sayının artmasına, ölkədə meyvə bolluğunun yaranmasına gətirib çıxaracaq. İnanmıram ki, ağac əkən kəs ağac kəsməyə meyilli ola, əksinə ağac kəsmək istəyənə mane olar. Ümid edirik ki, hər kəs tərəfindən ağacların əkilməsi, qorunması getdikcə daha kütləvi xarakter alacaq və bu ənənə yaddaşlarda həkk olunacaq”.
Mətbuat katibi, həmçinin bildirib ki, ilk dəfə ağacpaylama aksiyası payız ağacəkmə kampaniyası zamanı təşkil olundu və əhali tərəfindən çox sevinclə qarşılandı: “Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq. Aprelin 2-dən "Bu yaz özün bir təbiət yarat!" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində paytaxtın rayonlarında və ölkənin bəzi şəhərlərində vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin paylanılması aksiyası təşkil olunur. Ağacpaylama aksiyası bu gün Bakının Səbail rayonu, Dəniz Administrasiyasının qarşısındakı parkda, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkının qarşısında, Nərimanov rayonu Nərimanov parkının qarşısında, Sumqayıtda Lüdviqshafen parkının, Mingəçevirdə isə Dostluq parkının qarşısında keçirilib.