CƏMİYYƏT
İradə İbrahimova: Bugünkü ekoloji aksiya hamını bir amal ətrafında birləşdirdi, həmrəy olmağa sövq etdi
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Azərbaycanda “Nəsimi ili” elan olundu. Bu il çərçivəsində bütün sahələr üzrə bir sıra maraqlı tədbirlər keçirildi. Bu tədbirlərlə yanaşı, “Nəsimi ili”nə töhfə verilməsi üçün Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü irəli sürüldü.
Hər il ölkədə yüz minlərlə ağac əkilir. Lakin bu təşəbbüs hamını bir amal ətrafında birləşdirdi, həmrəy olmağa sövq etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova dekabrın 6-da keçirilən mətbuat konfransında deyib.
"Çox sevindirici və qürurverici haldır ki, hər kəs bu xeyirxah təşəbbüsü dəstəklədi, böyük şairin xatirəsinin əbədiləşdirilməsinə, dünyada tanıdılmasına, həmçinin ekoloji mühitimizin sağlamlaşdırılmasına və yaşıllıqların daha da artırılmasına hesablanan ideyanın həyata keçirilməsində yüksək əhval - ruhiyyə nümayiş etdirdi. SOCAR, BP kimi böyük şirkətlərdən tutmuş fərdi insanlara kimi hamı bu təşəbbüsə qoşuldu.
Ölkənin 80-dən artıq rayonunun fərqli məkanlarında yaşından, peşəsindən asılı olmayaraq minlərlə insanın bu genişmiqyaslı ağacəkmə kampaniyasına kütləviliklə qoşulması həqiqətən fəxr ediləsidir.
Deyərdim ki, bu təşəbbüsdə Sabirabad, Şamaxı, İsmayıllı rayonları işləri ən yaxşı təşkil etmələri, daha çox ağac əkmələri, damcılı suvarma sistemləri quraşdırmaları ilə xüsusilə fərqləndi.
Bu təşəbbüsün həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi qərargah yaradıldı və nazir müavini Firdovsi Əliyevin rəhbərliyi ilə böyük bir qrup bu işlə məşğul oldu. Ağac əkiləcək ərazilərin müəyyən olunması, yerli iqlim şəraitinə uyğun tinglərin seçilməsi, əkin ərazilərinə daşınması bu qrupun fəaliyyəti nəticəsində reallaşdı.
İnanıram ki, bu gün ağac əkən və bu nəcib təşəbbüsə qoşulan hər kəs bu əlamətdar günü yaddaşında saxlayacaq, sonrakı illərdə fəxrlə xatırlayaraq qürur duyacaq", - deyə mətbuat katibi bildirib.
İ.İbrahimova payız mövsümündə ağac əkilməsi tədbirlərinin bundan sonra da bütün regionlarda davam etdiriləcəyini diqqətə çatdırıb.