CƏMİYYƏT


İradə İbrahimova: Gəlin hamımız təbiətə töhfəmizi verək, onu çirklənmədən qoruyaq

Bakı, 7 avqust, AZƏRTAC 

Bu gün Xəzər dənizi şimaldan cənuba 10-larla axar vasitəsilə çirkləndirilir və çirkləndirici subyektlərə qarşı xəbərdarlıqlar, müraciətlər, cərimə və iddialar tətbiq olunur, toplanmış materiallar məhkəmələrə göndərilir. Sadəcə soruşuruq: Sizin üçün hansı daha rahatdır, cərimə ödəmək, yoxsa işinizi düzgün qurmaq və rahat fəaliyyət göstərmək? Uşaqlarınızı, doğmalarınızı zəhərləmək, yoxsa onların səhhətini düşünmək?

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Xəzərin çirkləndirilməsinə etiraz olaraq bildirib.

O, həmçinin deyib: “Bu gün Xəzəri çirkləndirən kimlərdir? Biz özümüzük, vətəndaşlar, müəssisələr, fabrik, təşkilat, ictimai iaşə obyektləridir.

Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi dənizə çirkab su axıdan axarları müəyyən edib və bütün cavabdeh qurumlara, çirkləndiricilərə xəbərdarlıqlar olunub. Niyə biz bu gün öz təbii sərvətlərimizi çirkləndiririk? Bu, dənizə də, çaylara da, göllərə də aiddir. Nə vaxta qədər biz çirkləndirməyə davam edəcəyik? Nə qədər xəbərdarlıq, cərimə etmək, məcburi göstəriş vermək olar, nə qədər məhkəmə çəkişmələri olar, biz yorulmadıqmı bundan? Nəyə görə biz sərvətlərimizi qorumuruq? Yəni, bu qədər özümüz-özümüzə biganəyik? Xəzər kimi belə bir unikal dəyərə malik sərvəti niyə qiymətləndirə bilmirik? Yoxsa övladlarımızın sağlamlığını, təmiz ətraf mühitdə yaşamasınımı istəmirik? Bəlkə bu, sadəcə, etinasızlıqdır, doğmalarımıza, təbiətə və özümüzə olan etinasızlıq”.

Nazirliyin sözçüsü hesab edir ki, verilən bu qədər vaxt, müddət ərzində işlərində dönüş yaratmamağın səbəbi yəqin ki, bunlardır: “Xəzəri çirkləndirən subyektlərin cavabdehlərini bu barədə yenidən düşünməyə və sağlam qərarları ilə Xəzərimizə öz töhfələrini verməyə çağırırıq. Bu işdə bizə sizin, hamının dəstəyi lazımdır. Bir daha müraciət edirik, tullantı sularının dənizə axıdılmasına yol verməyin! Bununla öz yaxınlarınızın səhhətinə təhlükə yaratmış olursunuz. Bu, bizim ümumi sərvətimizdir, xalqımızın, dövlətimizin sərvətidir. Təkcə Xəzərə yox, çaylara, göllərə də axıdılan çirkab suların qarşısı alınmalı, aidiyyəti təşkilatlar, qurumlar bu işlə daha ciddi məşğul olmalı, işlərinə daha planlı və məsuliyyətlə yanaşmalıdırlar”.

“Təbiət pandemiya dövründə antropogen təsirlərdən nisbətən az zərər alır, özünü daha sağlam reabilitasiya etməyə çalışır. Gəlin hamımız təbiətə töhfəmizi verək, onu çirklənmədən qoruyaq”, - deyə İ.İbrahimova çağırış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.