CƏMİYYƏT
İradə İbrahimova: Mütəxəssislər ayının yatması üçün iynə vurublar və preparatın tam təsir göstərməsini gözləyirlər
Bakı, 31 may, AZƏRTAC
Bakıdan ezam olunan mütəxəssis heyəti artıq Şəkidədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AZƏRTAC-a bildirib ki, mütəxəssis heyəti Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə tez bir zamanda hadisə yerinə çatdırılıb. Mütəxəssislər ayının yatması üçün iynə vurublar və preparatın tam təsir göstərməsini gözləyirlər. Bundan sonra vəhşi heyvanın Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilməsi həyata keçiriləcək.
Qeyd edək ki, ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.
Xatırladaq ki, bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. Qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir. Ayının sağ-salamat Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür.