CƏMİYYƏT
İradə İbrahimova: Son illər Azərbaycanda ağac əkilməsi işi daha da kütləviləşib
Bakı, 16 mart, AZƏRTAC
Bu gözəl bayram gününü, ilaxır çərşənbəni ağac əkməklə qeyd etdik. Burada ağacəkmə təşəbbüsünü irəli sürən Medianın İnkişafı Agentliyinə və bu işdə yaxından iştirak edən jurnalist dostlarımıza təşəkkür edirik.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O deyib: “Sevindiricidir ki, son illər Azərbaycanda ağac əkilməsi işi daha da kütləviləşib. Bütün ölkə ərazisində genişmiqyaslı ağacəkmə tədbirləri keçirilir. Ağac əkmək istəyənlərin sayı günbəgün çoxalır. Bu da dəyərli media nümayəndələrinin bu kampaniyanı yüksək səviyyədə təbliğ və təşviq etməsi sayəsindədir. Buna görə media nümayəndələrinə nazirlik adından xüsusi təşəkkür edirik.
Bu gün jurnalistlərin binası ətrafında nazirliyin tinglik sahələrində yetişdirilən 400-ə yaxın müxtəlifcinsli ağac əkildi. Bununla da hər birimiz təbiətə öz töhfəmizi verməyə çalışdıq”.
İ.İbrahimova ağacəkmə tədbirlərinin mövsümün sonunadək bütün ölkə üzrə davam edəcəyini bildirib.