İDMAN


İradə Qurbanova: Birgə yarışlar regionlarda gimnastikanın inkişafında yeni imkanlar açacaq

İradə Qurbanova: Birgə yarışlar regionlarda gimnastikanın inkişafında yeni imkanlar açacaq

Şəki, 9 dekabr, AZƏRTAC

İlk dəfədir gimnastika növləri üzrə birgə yarış bölgələrdə təşkil olunur. Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlara Şəki ev sahibliyi edir. Bu, regionlarda gimnastikanın inkişafında yeni imkanlar açacaq.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi İradə Qurbanova deyib.

Mütəxəssis bildirib ki, birgə yarışların təşkil olunduğu Şəki Olimpiya İdman Kompleksi beynəlxalq standartlara tam cavab verir. Burada gimnastika yarışlarının keçirilməsi üçün hər cür şərait var. Hazırda kompleksdə altı idman növü üzrə yarışlar keçirilir. Gimnastlar da yarışın Şəkidə keçirilməsini böyük coşqu ilə qarşıladılar. Çünki idmançıların bəziləri ilk dəfədir Şəkidə olurlar və bura heyran qaldıqlarını etiraf edirlər. Birgə yarışların təşkili gimnastlar arasında yeni dostluqların qurulmasına, mehribanlığa və inkişafa töhfə verəcək. Onlar, həmçinin bir-birilərinə dəstək nümayiş etdirirlər.

Akrobatika gimnastikasında beynəlxalq mövsümün başa çatdığını bildirən İ.Qurbanova deyib: “Bu il ümumilikdə Azərbaycan Gimnastika Federasiyası üçün uğurlu oldu. Müxtəlif gimnastika növlərində çıxış edən təmsilçilərimiz beynəlxalq arenada layiqincə çıxış edərək Vətənə medallarla döndülər. Bu ilin fevralında Bakıda keçirilmiş dünya çempionatında milli komandamızın üzvləri mükafatçılar sırasında yer almağı bacarıblar. Gimnastlarımız cari ildə qazandıqları nailiyyətlərlə Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə töhfələrini veriblər”.

Qeyd edək ki, birgə yarışlar dekabrın 11-də yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.