DÜNYA
İran 80 milyon doza peyvənd idxal edib
Tehran, 1 noyabr, AZƏRTAC
Koronavirusa qarşı mübarizə çərçivəsində bu günə kimi İran müxtəlif ölkələrin istehsalı olan 80 milyon doza peyvənd idxal edib ki, əhali tam olaraq peyvəndlə təmin olunsun.
AZƏRTAC İranın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu günə kimi ölkədə 52 milyon 860 min 49 nəfərə peyvəndin birinci, 35 milyon 283 min 617 nəfərə ikinci, 92 min 886 nəfərə isə üçüncü dozası vurulub. Ümumilikdə isə 88 milyon 236 min 552 nəfərə peyvənd vurulub və proses davam edir.
Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, son 24 saat ərzində ölkə ərazisində 9 min 857 nəfər koronavirusa yoluxub, 153 nəfər isə bu xəstəlikdən ölüb. Bununla da İranda yoluxanların sayı 5 milyon 934 min 495 nəfərə, ölənlərin sayı isə 126 min 456-a çatıb.
Ölkə üzrə xəstəxanalarda müalicə alan 3 min 859 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 5 milyon 521 min 931 xəstə sağalaraq evə buraxılıb.
Avqust və sentyabr ayları ilə müqayisədə oktyabr ayında virusun yayılması və ölüm hallarında azalma müşahidə edilir. Mütəxəssislər bunu peyvənd olunanların sayının artması ilə əlaqələndirirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran