DÜNYA
İran ABŞ-da həbs olunmuş alimin azadlığını tələb edir
Tehran, 12 sentyabr, AZƏRTAC
Mədəni İnqilab üzrə Ali Şura iranlı biotexnoloq alim Məsud Suleymaninin ABŞ-da həbs olunmasına etiraz edərək dünya ictimaiyyətinə müraciət edib.
AZƏRTAC xəbər verir ki, 2018-ci ilin oktyabr ayında Meyo klinikasının dəvəti ilə ABŞ-a gedən M.Süleymani Çikaqo beynəlxalq hava limanında həbs edilərək Atlanta türməsinə aparılıb.
Alimə qarşı hansı ittihamın irəli sürüldüyü haqqında ABŞ hüquq-mühafizə orqanları heç bir məlumat vermir və o, ümumi rejimli həbsxanada - qatillər, oğrular və narkotik qaçaqmalçıları ilə bir yerdə saxlanılır.
Şuranın müraciətində deyilir ki, alimin həbs müddəti qəsdən uzadılır. Belə ki, onun məhkəməsi dəfələrlə naməlum səbəblərə görə təxirə salınıb. Şura BMT və digər beynəlxalq təşkilatlara ABŞ-da insan hüquqlarının kobudcasına pozulmasına diqqət ayırmağı tələb edir. Müraciətdə təəssüf hissi ilə qeyd olunur ki, demokratiya və insan hüquqlarını öz fəaliyyətlərində əsas prinsip hesab edən Avropa dövlətləri məşhur alimin qanunsuz həbsinə və hüquqlarının dünyanın gözü qarşısında pozulmasına münasibət bildirmir.
Müraciət BMT-yə və digər beynəlxalq təşkilatlara göndərilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran