SİYASƏT


İran Azərbaycana qarşı necə münasibət göstərəcəksə, ona uyğun cavabı da alacaq - Politoloq

İran Azərbaycana qarşı necə münasibət göstərəcəksə, ona uyğun cavabı da alacaq -  Politoloq

Bakı, 2 aprel, AZƏRTAC

İranın dünən Azərbaycan tərəfinə verdiyi etiraz notasında son günlər Azərbaycanın KİV seqmentində bu ölkəyə qarşı yayımlanan məqalə və çıxışların dərhal dayandırılması və buna görə təzminat ödənilməsi bildirilib. Bu məsələ ilə bağlı olaraq bir sıra ciddi məqamları vurğulamaq lazımdır. Birincisi, notalar rəsmi olaraq həmin ölkənin səfirinə təqdim edilməlidir. Burada İran diplomatik qaydaları pozub. İkincisi, notalar rəsmi iş günlərində təqdim olunur. Düzdür, şənbə günü İranda iş günü olsa da, Azərbaycanda iş günü deyil. Bunu da İranın Xarici İşlər Nazirliyi bilməli idi. Üçüncüsü, notada yer alan məzmuna əsasən hansısa məqalə və çıxışlara görə təzminatın tələb edilməsi və ödənilməsi hələ ki müasir dünya siyasi sistemlərində icra olunmur və bunun bəlli mexanizmləri də yoxdur. Belə ki, İranın Azərbaycana verdiyi nota beynəlxalq hüququn prinsiplərinə ziddir.

Bu fikirləri politoloq Amid Əliyev AZƏRTAC-a açıqlamasında söyləyib.

Politoloq qeyd edib ki, son 30 il ərzində İranın bir sıra rəsmi televiziyaları, əsasən də “Səhər TV” kanalı və internet resursları gecə-gündüz Azərbaycanın ünvanına şər-böhtan və təhdid dolu verilişlər yayımlayır, yazılar dərc edir. Bu azmış kimi, İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) adlı qurumun rəsmi teleqram və internet səhifəsində Azərbaycana qarşı təhdid xarakterli videomateriallar yerləşdirilir. Bu da yetmir, İranın ali dini lideri tviter səhifəsidə Azərbaycan dilində bizə qarşı mətnaltı mesajlar ötürür. Həmçinin İranın silahlı qüvvələri Azərbaycan sərhədində hərbi təlimlər keçir, sərhədlərimizi pozur, diversantları Xankəndiyə keçirir və nəhayət, səfirliyimizə qarşı qanlı terror aktı törədir. İndi İran hansı haqla Azərbaycana nota verir?

“Bunlarla yanaşı, İranda demək olar ki, bütün molla, axund və digər din nümayəndələri Azərbaycana qarşı xütbələr oxuyurlar, hətta həyasızcasına dövlətimizə xəbərdarlıqlar edirlər. Azərbaycan son illərdə yalnız səfirliyimizə qarşı olan məsələ ilə bağlı rəsmi olaraq İrana nota verib ki, bu da beynəlxalq hüququn prinsiplərinə tam uyğundur. İranın bu notasının da arxasında Sepah və radikal dini qruplaşmanın olması heç bir şübhə doğurmur. Azərbaycanın İsraildə səfirlik açması İranın siyasi və dini hakimiyyətinin yuxusuna haram qatıb. İki gün öncə İranın Quru Qoşunları komandanı, sonra isə XİN sözçüsü tərəfindən yeni bəyanatların verilməsi və nəhayət, Təbrizdəki konsulluq qarşısında etiraz aksiyalarının təşkili bir daha İranın riyakar və ikiüzlü siyasətindən xəbər verir”, - deyə A.Əliyev vurğulayıb.

Politoloq əlavə edib ki, Azərbaycan KİV-lərində İrana qarşı məlumatların yer alması ictimai rəyin nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan vətəndaşları Vətən müharibəsindəki Şanlı Qələbəmizə İranın qısqanc münasibətini, bu ölkənin Ermənistana köməyini, terror və təxribatları maliyyələşdirməsini, ölkəmizin daxili işlərinə qarışmasını və iyrənc əməllərini din pərdəsi altında icra etməsini açıq şəkildə müşahidə edirlər. Əgər İran bundan çox narahatdırsa, ilk növbədə, öz əməllərinə düzgün qiymət verməyi bacarmalı, sonra isə başqasının gözündə çöp axtarmalıdır. İran sərhədlərimizə yaxın ərazidə sınıq-salxaq texnikalarla mütəmadi olaraq təlimlər keçirməyi, Sepah funksionerlərinin Azərbaycana qarşı çıxışlarının və silahlanmış komandirlərin açıqlamalarının yer aldığı videoçarxların yayımlanmasını dayandırmalıdır. Bundan əlavə, İran Ermənistana dəstəyi dayandırmalı və nəhayət, səfirliyimizə qarşı törədilmiş terror aktına görə cavab verməlidir.

“İrandan fərqli olaraq, Azərbaycanda mətbuat sahəsində plüralizm və demokratik atmosfer mövcuddur. Vətəndaşların müstəqil fikir söyləmək və məsələlərə sərbəst şəkildə münasibət bildirmək hüququ var. Azərbaycanda internetdən istifadəyə məhdudiyyət yoxdur.

İran bilməlidir ki, Azərbaycana qarşı necə münasibət göstərəcəksə ona uyğun cavabı da alacaq. Heç kim Azərbaycanla təhdid və hədə dilində danışa bilməz!”, - deyə politoloq qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.