İQTİSADİYYAT
İran Cənub Qaz Dəhlizindən faydalana bilər
Tehran, 31 may AZƏRTAC
Mayın 29-da Azərbaycan Prezidentinin iştirakı ilə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdəniz-2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalara əsasən bu beynəlxalq əhəmiyyətli layihənin gerçəkləşdirilməsinə başlanıldı.
Uzunluğu 3,5 min kilometr olan Cənub Qaz Dəhlizi 1,2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edəcək. Layihə 40 milyard dollar həcmində dəyərləndirilir. Məhz Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti Cənub Qaz Dəhlizinin həyata keçirilməsini təmin edib. Bu layihə təkcə Azərbaycanın deyil, digər region ölkələrinin də iqtisadi inkişafına təkan verəcək.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev layihənin beynəlxalq mahiyyətini vurğulayaraq deyib: “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır”.
Azərbaycan 1994-cü ildə ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Qərbin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladıqdan sonra karbohidrogen ehtiyatlarının nəqli üçün geniş infrastruktur yaradıb. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bu gün Azərbaycan neftinin və qazının Avropaya daşınmasında əhəmiyyətli rol oynayır. Bundan başqa, Cənub Qaz Dəhlizinin də istifadəyə verilməsi enerji təhlükəsizliyi məsələlərinin həllində vacib amil olacaq.
Azərbaycanın bu cür infrastruktura malik olması və son dövrlər rəsmi Bakı ilə Tehran arasındakı əlaqələrin yüksələn xətlə inkişafı iki dost dövlətin daha yaxından əməkdaşlığını zərurətə çevirir. Bu əməkdaşlığı şərtləndirən əsas amil ondan ibarətdir ki, Azərbaycan rəsmi Tehrana neft və qazını Avropaya ixrac etməsi üçün onun infrastrukturundan yararlanmağı təklif edir. İlk dəfə bu təklifi Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev 2015-ci ilin avqustunda Tehrana səfəri zamanı İranın neft naziri Bijən Zəncənə ilə görüşdə irəli sürmüşdü.
Həmin il Vyanada İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması istiqamətində danışıqların aparıldığı zaman İran qazının Avropaya ixracı məsələsi aktuallaşmışdı və bu məsələ müzakirə mövzusuna çevrilmişdi. İranın Qaz İxracatı Şirkətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əzizullah Ramazani İran qazının TANAP və TAP vasitəsilə Avropaya nəql edilə biləcəyi ehtimalını irəli sürmüşdü. Həmin şirkətin rəhbəri Əlirza Kamali isə bəyan etmişdi ki, qazın Avropaya nəqli üçün min kilometrlərlə kəmər çəkmək iqtisadi baxımdan sərfəli deyil. Əgər İranın indiki iqtisadi vəziyyətinə və perspektivlərinə baxsaq, Ə.Kamalinin haqlı olduğunu görərik. Hazırda iqtisadiyyatının əsas hissəsi neftdən asılı olan İranın “qara qızıl”ın ucuzlaşması ilə əlaqədar vəziyyəti o qədər də qənaətbəxş deyil. Uzun müddət beynəlxalq sanksiyalar altında yaşayan İranın neft-qaz sahəsinə yeni texnologiyalar və sərmayələr lazımdır. Digər tərəfdən, yeni kəmərin keçəcəyi ehtimal edilən regionlardakı siyasi kataklizmlər və silahlı münaqişələr İranı ciddi düşünməyə vadar edir. Rəsmi Tehranın münaqişələrin səngiməsini və neftin qiymətinin nə vaxtsa yüksələcəyini gözləməyə vaxtı yoxdur. Odur ki, İran üçün ən real variant karbohidrogen ehtiyatlarını Azərbaycanın yaratdığı infrastrukturla Avropaya nəql etməkdir.
Bu variant hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Əvvəla, İran yeni kəmərin inşası üçün beynəlxalq maliyyə qurumlarından yüksək faizlə kredit almaqdan, ikincisi, kəsirlə icra olunan dövlət büdcəsindən bu layihə üçün milyardlarla dollar ayırmaqdan, üçüncüsü isə ehtiyatların Avropaya çatdırılmasındakı təhlükələrdən xilas olur. Azərbaycan isə tranzitdən gəlir əldə edir.
Göründüyü kimi, qarşılıqlı faydalı əməkdaşlıq dövlətlərin milli maraqlarına xidmət edir. İqtisadi əlaqələrin genişlənməsinin ardınca isə siyasi münasibətlərin inkişafı mərhələsi başlayır. Bu gün regionda yaranmış gərgin vəziyyətə diqqət yetirdikdə, aydın şəkildə görürük ki, dini və milli ayrı-seçkilik salmaqla müsəlmanları bir-birinə qarşı qoyub bölgədə söz sahibi olmaq istəyirlər. Böyük qüvvələrin bu geosiyasi planını pozmağın yolu qarşılıqlı faydalı əməkdaşlıqdan və münasibətlərin səmimiliyindən keçir. Azərbaycan İran ilə mehriban qonşuluq və dostluq şəraitində yaşamağı üstün tutur. Hər iki ölkə prezidentlərinin siyasi iradə nümayiş etdirərək münasibətləri yaxınlaşdırması əlaqələrin gələcək inkişafından xəbər verir.
Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminə münasibət bildirən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün facebook səhifəsində yazıb: “İyunun 12-də TANAP-ın rəsmi açılışından sonra Türkiyə bazarına 6 milyard kubmetr qaz ötürüləcək, 2020-ci ildə isə daha 20 milyard kubmetr qaz Avropaya nəql ediləcək. 2026-cı ilə kimi kəmərin ötürmə qabiliyyətinin 31 milyard kubmetrədək artırılması mümkündür. Növbəti mərhələdə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər”.
İran qazının Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropaya nəql edilməsi ehtimalının Prezidentin köməkçisi tərəfindən də irəli sürülməsi təsadüfi xarakter daşımır. Bu gün İran Çin, Hindistan kimi ölkələrə qaz ixrac edir. Lakin ixracın şaxələndirilməsi və İranın böyük qaz potensialına malik olması, eyni zamanda, bir sıra siyasi səbəblərə görə rəsmi Tehran Avropaya qaz ixrac etmək niyyətindədir. Bunun isə ən optimal variantı Cənub Qaz Dəhlizidir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran