SİYASƏT


İran Ermənistan ərazisindən qaz nəql etmək niyyətində deyil və Paşinyanın səfəri heç nəyi dəyişməyəcək

Tehran, 23 fevral, AZƏRTAC

Fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 5-ci toplantısı keçirilib. Toplantıda Asiya İnkişaf Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının rəhbərləri, Böyük Britaniya, ABŞ, Türkiyə, İtaliya, Gürcüstan və başqa Avropa dövlətlərinin enerji nazirləri iştirak ediblər. İştirakçıların tərkibindən də göründüyü kimi, Cənub Qaz Dəhlizi layihəsi qlobal xarakter daşıyır. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsünün Avropa dövlətləri tərəfindən qeyd-şərtsiz dəstəklənməsi Ermənistanda növbəti narahatlıq dalğası yaradıb.

Bakıda keçirilən tədbirdən sonra Ermənistanın Enerji və Təbii Ehtiyatlar Nazirliyi açıqlama yayaraq bildirdi ki, rəsmi Yerevan İran qazının Ermənistan ərazisindən Gürcüstana, oradan da Qara dəniz vasitəsilə Avropaya ixracını müzakirə etməyə hazırdır. Bunun ardınca isə mətbuat xəbər yaydı ki, fevralın 27-də baş nazir Nikol Paşinyan İrana rəsmi səfər edəcək.

Görünür, regionda həyata keçirilən bütün beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdən kənarda qalan Ermənistan yeni ideyalar irəli sürərək düşdüyü təcrid vəziyyətindən çıxmağa cəhd göstərir. Lakin Azərbaycanın iqtisadi qüdrəti qarşısında rəsmi Yerevanın ideyaları nə dərəcədə realdır?

Ermənistanın bu dövrdə İrana sığınması başadüşüləndir. Çünki hay-küylə hakimiyyətə yiyələnən Nikol Paşinyan “qaş düzəltdiyi yerdə vurub gözü də çıxarıb” və çarəsiz qalıb. Tarixin heç bir dövründə müstəqil siyasət yürütmək iqtidarında olmayan Ermənistan yenə də burulğana düşüb. Qərbin dəstəyi sayəsində “rəngli inqilab” edib dövlət rəhbəri olan N. Paşinyanın Rusiya ilə əlaqələri qırması təəccüblü deyil. Dünya siyasətində “kim səni hakimiyyətə gətiribsə, ona da qulluq etməlisən” prinsipi hələ də qüvvədədir. Yürütdüyü siyasətə görə yaxın zamanlarda daha təcrid olunmuş vəziyyətə düşəcəyini anlayan Paşinyan sözsüz ki, Tehrana səfəri zamanı İrandan qaz almaq və onun tranziti məsələsini də müzakirə edəcək.

İranla yanaşı, Azərbaycan da neft-qaz ixracatçısıdır və bu sahədəki potensialını getdikcə artırır. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Qərbin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladıqdan sonra ölkəmizdə karbohidrogen ehtiyatlarının nəqli üçün geniş infrastruktur yaradıb. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri bu gün Azərbaycan neftinin və qazının Avropaya daşınmasında əhəmiyyətli rol oynayır. Bundan başqa, hazırda TANAP-la Türkiyəyə təbii qaz nəql olunur. Bu boru kəmərinin Avropayadək olan hissəsinin və TAP-ın inşası uğurla davam etdirilir. Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənən TAP boru kəməri ilə 2020-ci ildə Avropaya 10 milyard kubmetr Azərbaycan qazı göndəriləcək.

Azərbaycanın bu cür geniş infrastruktura malik olması və son vaxtlar rəsmi Bakı ilə Tehran arasında əlaqələrin yüksələn xətlə inkişafı iki qonşu və dost dövlətin daha yaxın əməkdaşlığını zərurətə çevirir. Bu əməkdaşlığı şərtləndirən əsas amil ondan ibarətdir ki, Azərbaycan rəsmi Tehrana neft və qazının Avropaya ixracı üçün öz infrastrukturundan istifadəni təklif edir. İlk dəfə bu təklifi Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev 2015-ci ilin avqustunda Tehrana səfəri zamanı İranın neft naziri Bijən Zəncənə ilə görüşdə irəli sürmüşdü. Həmin il Vyanada İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması istiqamətində danışıqların aparıldığı zaman İran qazının Avropaya ixracı məsələsi aktuallaşmış və bu məsələ müzakirə mövzusuna çevrilmişdi. İranın Qaz İxracatı Şirkətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əzizullah Ramazani İran qazının TANAP və TAP vasitəsilə Avropaya nəql edilə biləcəyi ehtimalını irəli sürmüşdü. Həmin şirkətin rəhbəri Əlirza Kamali isə bəyan etmişdi ki, qazın Avropaya nəqli üçün min kilometrlərlə kəmər çəkmək iqtisadi baxımdan sərfəli deyil. Əgər İranın indiki iqtisadi vəziyyətinə və perspektivlərinə baxsaq, Ə.Kamalinin haqlı olduğunu görərik. Hazırda iqtisadiyyatının əsas hissəsi neftdən asılı olan və uzun müddətdən bəri beynəlxalq sanksiyalara məruz qalan İranın neft-qaz sahəsinə yeni texnologiyalar və sərmayələr lazımdır. Digər tərəfdən, yeni kəmərin keçəcəyi ehtimal edilən regionlardakı siyasi kataklizmlər və silahlı münaqişələr İranı ciddi düşünməyə vadar edir. Rəsmi Tehranın isə münaqişələrin səngiməsini və neftin qiymətinin nə vaxtsa yüksələcəyini gözləməyə vaxtı yoxdur. Odur ki, İran üçün ən real variant karbohidrogen ehtiyatlarını Avropaya Azərbaycanın yaratdığı infrastrukturla nəql etməkdir.

Bu variant hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Əvvəla, İran yeni kəmərin inşası üçün beynəlxalq maliyyə qurumlarından yüksək faizlə kredit almaqdan, ikincisi, kəsirlə icra olunan dövlət büdcəsindən bu layihə üçün milyardlarla dollar ayırmaqdan, üçüncüsü, ehtiyatların Avropaya çatdırılmasında mümkün təhlükələrdən xilas olur. Azərbaycan isə tranzitdən gəlir əldə edir.

Göründüyü kimi, qarşılıqlı faydalı əməkdaşlıq dövlətlərin milli maraqlarına xidmət edir. İqtisadi əlaqələrin yaxınlığının ardınca isə siyasi münasibətlərin inkişafı mərhələsi başlayır. Bu gün regionda yaranmış gərgin vəziyyətə diqqət yetirdikdə, aydın şəkildə görürük ki, müəyyən dairələr dini və milli ayrı-seçkilik salmaqla müsəlmanları biri-birinə qarşı qoyub bölgədə söz sahibi olmaq istəyirlər. Böyük güclərin bu geosiyasi planını pozmağın yolu faydalı əməkdaşlıqdan və münasibətlərin səmimiliyindən keçir. Azərbaycan İran ilə mehriban qonşuluq və dostluq şəraitində yaşamağı üstün tutur. Hər iki ölkə prezidentlərinin siyasi iradə nümayiş etdirərək münasibətləri yaxınlaşdırması əlaqələrin gələcək inkişafından və geniş perspektivindən xəbər verir.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 5-ci toplantısının keçirilməsi bu beynəlxalq əhəmiyyətli layihənin artıq reallıq olduğunu sübut etdi. Cari ildə Azərbaycan və İran prezidentlərinin növbəti görüşü gözlənilir. Bu görüşdə İran qazının Avropaya Azərbaycanın yaratdığı infrastrukturla ixracı məsələsinə toxunulacağını da istisna etmək olmaz.

Ermənistana və onun irəli sürdüyü ideyaya gəlincə, qeyd etmək lazımdır ki, bu, yeni mövzu deyil. Hələ 2008-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən irəli sürülən İran-Ermənistan dəmir yolunun çəkilişi də ideya olaraq qalır. O vaxtdan uzun illər ötməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmadı. Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu körpüsü istifadəyə verildikdən sonra İran ilə Azərbaycanın dəmir yolları sistemi birləşdi və bununla da Sarkisyanın ideyası həmişəlik “dəfn edildi”.

İran-Ermənistan qaz kəmərinin çəkilməsi ideyası da 2007-ci ildən ortaya atılıb. Yenə ortada heç nə yoxdur. İran konkret olaraq Ermənistan ərazisindən qaz nəql etmək fikrində olmadığını büruzə verib. Odur ki, Nikol Paşinyanın qarşıdakı səfəri də heç nəyi dəyişməyəcək.

Beləliklə, müşahidələr və mövcud geosiyasi durum onu deməyə əsas verir ki, Ermənistandan keçməklə enerji dəhlizinin yaradılması ideyası da, şübhəsiz, zamanla “dəfn ediləcək”. Ermənistan öz işğalçılıq siyasətinin nəticəsində regionda həyata keçirilən qlobal iqtisadi layihələrdən tam kənarda qalıb və onu gələcəkdə də eyni aqibət gözləyir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.