SİYASƏT


İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə Bakıda media nümayəndələri ilə görüş təşkil edilib

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 8-də İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 40-cı ildönümü münasibətilə media nümayəndələri ilə görüş təşkil edib.

AZƏRTAC xəbər verir ki, səfir Cavad Cahangirzadə İranın inqilabdan ötən 40 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində müxtəlif sahələrdə böyük uğurların əldə edildiyini vurğulayıb. Qeyd edib ki, İran İslam Respublikası bu müddətdə regional sabitlik amili kimi çıxış edib, terrorizmin qarşısını almaq üçün ciddi və təsirli addımlar atıb. Terrorizmə və radikalizmə qarşı mübarizə regional və beynəlxalq əməkdaşlıq tələb edir. Bu sahədə ikili standartlardan çəkinmək lazımdır.

C.Cahangirzadə bildirib ki, İranın xarici siyasətinin əsas hədəflərindən biri kimi regionda müstəqil diplomatik əlaqələrin həyata keçirilməsi, sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə qonşularla münasibətlərin dərinləşdirilməsi vacib məsələlərdəndir.

Ölkələrimizin münasibətlərindən danışan diplomat deyib ki, İran ilə Azərbaycan arasındakı dostluğa və qardaşlığa əsaslanan əlaqələr gündən-günə inkişaf edir. Dövlət başçılarının səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm əsasdır. Son illər ərzində qarşılıqlı turist mübadiləsinin artması ölkələrimiz arasındakı dostluğun nəticəsidir.

Səfir İranın BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu deyib.

Azərbaycan və İran xalqlarını ortaq mənəvi dəyərlərin birləşdirdiyini deyən səfir qeyd edib ki, ölkələrimiz arasında əlaqələr bu gün ən yüksək səviyyəyə qalxıb. Prezidentlər Həsən Ruhani və İlham Əliyev arasında səmimi qardaşlıq münasibətləri var. Son beş il ərzində ölkə başçıları arasında 12 dəfə görüş keçirilib və bunun da Azərbaycanla İran arasında qardaşlıq əlaqələrinin formalaşmasında mühüm rolu var.

Sonra səfir media nümayəndələrinin suallarını cavanlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.