ORDU
İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Azərbaycanda
Tehran, 18 avqust (AZƏRTAC). İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzainin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 17-də Azərbaycana gəlib.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin dəvəti ilə reallaşan səfər çərçivəsində tərəflər sərhəd-keçid məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, hər iki qurum arasındakı əməkdaşlığın perspektivləri müzakirə edilib.
Müzakirələr zamanı qaçaqmalçılıq, transsərhəd cinayətkarlıq və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı İran Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevi İrana rəsmi səfərə dəvət edib.
İranın sərhəd qoşunlarının nümayəndə heyətinin üzvləri avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95 illik yubileyi ilə əlaqədar keçiriləcək təntənəli mərasimdə iştirak edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran