MƏDƏNİYYƏT
İran Milli Orkestri ilk dəfə olaraq Bakıda çıxış edəcək
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 27-dən iyulun 1-dək Azərbaycanda keçiriləcək İran Mədəniyyəti Günlərinin zəngin proqramı var. Mədəniyyət günləri çərçivəsində İranın incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin təşkili, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulur. İran Milli Orkestri ilk dəfə olaraq Bakıda çıxış edəcək. Habelə müştərək İran-Azərbaycan kinosunun çəkilişinə başlamaq nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 22-də İran Mədəniyyət Mərkəzində mədəniyyət günlərinə həsr edilmiş mətbuat konfransında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi deyib.
Qeyd edib ki, mədəniyyət günləri iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və digər sənət adamlarının bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, habelə təcrübə mübadiləsinin genişlənməsinə rəvac verəcək.
Mədəniyyət günləri çərçivəsində İran İslam Respublikasının mədəniyyət və islam irşad naziri Seyid Abbas Salehinin başçılığı altında tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfər edəcək.