DÜNYA


İran Prezidenti Avropa dövlətlərini imzalarına sahib çıxmağa çağırıb

Tehran, 2 noyabr, AZƏRTAC

ABŞ-ın beynəlxalq qanunlara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına açıq-aşkar hörmətsizliyi dünyada yeni qeyri-sabit siyasi vəziyyətin yaranmasından xəbər verir.

AZƏRTAC xəbər verir ki, bu fikir İran Prezidenti Həsən Ruhaninin “Financial Times” qəzetində dərc olunan məqaləsində yer alıb. Qeyd olunub ki, ABŞ-ın beynəlxalq ticarətə və dövlətlər arasında imzalanmış müqavilələrə münasibəti onu deməyə əsas verir ki, müasir dünyada güc amili hər şeydən üstündür. İran açıq şəkildə bəyan edir ki, ABŞ-ın siyasəti qlobal təhlükəsizliyə təhdid olmaqla yanaşı, beynəlxalq siyasətin subyekti olan dövlətlərin daxili işlərinə qarışmaq və onları yönəltməyə cəhd göstərmək deməkdir.

Həsən Ruhani vurğulayıb ki, son 2 ildə ABŞ-ın həyata keçirdiyi qeyri-konstruktiv siyasətin nəticəsində dünya dövlətləri əziyyət çəkmək məcburiyyətində qalıblar. Avropa bütün qüvvəsini toplayıb ABŞ-ın bu siyasətinə qarşı çıxmalıdır. İran 2015-ci ildə nüvə proqramının məhdudlaşdırılmasına dair imzalanmış Birgə və Hərtərəfli Fəaliyyət Planına sadiq qalaraq Avropa ilə əməkdaşlığını davam etdirəcək. Lakin Avropa dövlətləri, xüsusilə Birgə və Hərtərəfli Fəaliyyət Planına imza atan dövlətlər öz imzalarına sadiq qalaraq əməkdaşlığı davam etdirməlidirlər. Bu əməkdaşlıq tərəflərin maraqlarına cavab verir.

İran Prezidenti əmin olduğunu bildirib ki, Avropa dövlətləri ABŞ-ın təzyiqlərinə boyun əyməyəcək və İran ilə iqtisadi və siyasi əməkdaşlığı davam etdirəcəklər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.