İQTİSADİYYAT
İran SOCAR-ın müştərək layihələrdə iştirakında maraqlıdır
Bakı, 29 noyabr, AZƏRTAC
İran planlaşdırılan əməkdaşlıq layihələrində SOCAR-ın iştirakında maraqlıdır.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bu barədə şirkətin prezidenti Rövnəq Abdullayevin İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zəmaniniya və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə danışılıb.
R.Abdullayev son zamanlar Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrində münasibətlərin daha da genişləndiyini, xüsusilə iki ölkənin neft-qaz sektoruna daxil olan şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoqun intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edib. SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev mövcud tərəfdaşlıq münasibətlərindən söz açıb, genişlənmə imkanlarını qeyd edib.
İranın neft nazirinin müavini Ə.Zəmaniniya ölkələrimiz arasında iqtisadi sahələrdə, o cümlədən, enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu söyləyib, neft-qaz sənayesində əməkdaşlığın qonşu ölkələrdə inkişafa daha böyük töhfələr verəcəyinə əminliyini qeyd edib.
Planlaşdırılan əməkdaşlıq layihələri sayəsində yaxın perspektivdə İranda neft və qaz hasilatının artırılacağını diqqətə çatdıran nazir müavini SOCAR-ın qlobal layihələrdə böyük təcrübəsi olan beynəlxalq şirkət kimi həmin müştərək layihələrdə iştirakında maraqlı olduqlarını bildirib.
Görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda, o cümlədən İran körfəzində və Xəzər dənizində də, tərəfdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə edilib, tərəflər əməkdaşlığın genişləndirilməsi üçün olduqca münasib imkanların mövcud olduğunu vurğulayıblar.
Xatırladaq ki, İranın “NICO” şirkəti hazırda “Şahdəniz” (10 faiz) və Cənubi Qafqaz Qaz Boru Kəməri (10 faiz) layihələrinin iştirakçısıdır. Eyni zamanda, SOCAR-ın “Nanotexnologiyalar” Departamenti, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və İranın Ofşor Neft Şirkəti arasında 2015-ci ildə üçtərəfli əməkdaşlıq protokolu imzalanıb.