SİYASƏT


İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov yanvarın 16-da İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Məhəmməd Baqerinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi ölkəmizə ilk səfərinin Azərbaycan-İran əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. O bildirib ki, Azərbaycan ilə İran dost, yaxın qonşu, qardaş ölkələrdir, bizim ortaq tariximiz, mədəniyyətimiz, dinimiz münasibətlərimizin daha da dərinləşməsinə zəmin yaradır.

Milli Məclisin sədri qeyd edib ki, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, görüşləri ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyəyə çatmasına xüsusi təkan verib. O, eyni zamanda, hökumət üzvlərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin səfərlərinin vacibliyini də vurğulayıb. Əlavə edib ki, bütün bunlar ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisidir.

Oqtay Əsədov 2018-ci ildə İran və Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin 400 milyon dolları ötdüyünü deyib. Bildirib ki, bu, ölkələrimizin potensialını əks etdirmir, biz bu rəqəmi daha da artırmalıyıq. Bu istiqamətdə işlərin getdiyini söyləyən sədr qeyd edib ki, son 5 il ərzində İran ilə Azərbaycan arasında 24 biznes forum keçirilib.

Parlamentlərarası əlaqələrin razılıq doğurduğunu deyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri bildirib ki, ölkələrimizin müştərək tarixə, dinə, coğrafiyaya malik olması İran-Azərbaycan əlaqələrinin genişlənməsinə təkan verir. O, dövlətlərimiz arasında münasibətlərin inkişaf etdiyini, ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşıdığını söyləyib. Məhəmməd Baqeri başqa istiqamətlərdə olduğu kimi, müdafiə sahəsində də əlaqələrimizin dərinləşməsinin önəmini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.